Dünən, fevralın 17-də axşam saatlarında hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər Bakının Nərimanov rayon Polis İdarəsində saxlanılaraq fiziki təzyiqlərə məruz qaldıqlarını bildirib. Facebook platformasında yayılan canlı yayımda da hüquq müdafiəçilərinin güc tətbiq edilərək polis idarəsinə aparıldığı nümayiş olunub.
Buna səbəb hüquq müdafiəçilərinin fevralın 17-də yük avtomobilləri ilə Bakının əsas magistralı olan Heydər Əliyev prospektini bağlayan şirkət rəhbəri Rəmiş Cəfərovun saxlanılması barədə polis idarəsindən məlumat almaq istəyi olub.
Saxlanılan şəxsin atası Zəkran Cəfərovla birlikdə hüquq müdafiəçiləri polis idarəsinin qarşısına gəlib. Lakin polis hüquq müdafiəçilərini zorla polis idarəsinə aparıb.
Hüquq müdafiəçiləri polis idarəsində qəbul edilib. Onlar sərbəst buraxıldıqdan sonra bildiriblər ki, Zaur Əkbəri yerə yıxaraq təpiklə vurublar. Onları təhqir ediblər və hədələyiblər.
Saxlanılan şəxsin atası jurnalistlərə bildirib ki, günorta saatlarında mülki geyimli 15-ə yaxın şəxs onun evinə soxularaq oğlunu tutub aparıblar. Eyni zamanda bütün ailə üzvləri, o cümlədən yaşlı valideynlər və azyaşlı uşaqlar fiziki zorakılığa məruz qalıblar.
“Mülki geyimlilər hasarın üstündən aşıb, damdan düşdüb, sanki terrorçunu tuturdular. Onlar sənəd təqdim etmədi və heç nə izahat vermədi. Evimizdəki təhlükəsizlik kameralarının yaddaş kartını da oğurlayıblar. Sonra bizim qonşuların evlərindəki eyni kartları aparıblar. Bu, tam özbaşınalıq və qanunsuzluqdur,” həbs edilən sürücünün atası Zəkran Cəfərov bildirib.
Hüquq müdafiəçiləri Daxili İşlər naziri Vilayət Eyvazovdan təqsirkarların cəzalandırılmasını tələb ediblər. Onlar polisin hərəkətindən prokurorluğa şikayət edəcəyini bildirib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidməti belə bir hadisənin olmadığını bildirib.
Yerli televiziyalarda yük avtomobillərinin sürücülərinin saxlanılması barədə məlumatlar yayılıb. Onların televiziyanın efirində üzr istəmələri nümayiş olunub. Saxlanılanlar arasında "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərov da var.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.
Fevralın 17-də səhər saatlarında dörd yük avtomobilinin sürücüləri Heydər Əliyev prospektini bağlayıb, nəticədə Bakının ən böyük avtomobil magistralında tıxac yaranıb.
Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən onlara icazə sənədlərinin verilməməsinə etiraz edib.
Yük avtomobillərindən birinin üzərinə yazılıb: "Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verib. Məhsullarımız xarab olmaq üzrədir, müflis olmuşuq”.
Bir müddət sonra Dövlət Yol Polisinin həyata keçirdiyi tədbirlər nəticəsində yol açılıb.
Etiraz edən avtomobillər "R Qpup Azerbaijan" Karqo Şirkətinə məxsus olub. Şirkətin Mətbuat xidmətinin rəhbəri Rəşad Borcəli Amerikanın Səsinə deyib ki, etirazlarına səbəb R-Qrup Karqo şirkətinə beynəlxalq daşımalar üçün yol vərəqinin verilməməsidir.
“Bunlar şəxsi-qərəzliklə bizim şirkətə cəmi iki yol vərəqi verib. Amma elə şirkətlər var ki, tanışlıqla, qohumluq əlaqələri ilə 200-dən çox beynəlxalq daşımalar üçün yol vərəqi verirlər. Yol vərəqinin dövlət rüsumu 20 manat olduğu halda bunlar 300 manat tələb edirlər,” o qeyd edib.
Rəşad Borcəli deyib ki, “R Qrup Azerbaijan” Karqo şirkəti Rusiya bazarına ət və ət məhsulları daşıyır.
“Bu məhsullar dörd gün ərzində satılmalıdır. Lakin yol vərəqi vermirlər. Bu da hər yük avtomobilində 52 min manat ziyan deməkdir. Bizim şirkət bu qədər ziyanı niyə ödəməlidir?” o qeyd edib.
Öz növbəsində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi deyilənləri təkzib edib. Əksinə yol vərəqlərinin verilməsində neqativ halların aradan qaldırldığını, qayda-qanun yaradıldığını bildirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, ötən ilin iyun ayından Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) beynəlxalq daşıma icazələrinin bölüşdürülməsini yeni, şəffaf mexanizmin tətbiqi ilə həyata keçirir.