Səfir Riçard Morninqstar: Qarabağın bütün azərbaycanlılara necə acı çəkdirdiyini bilirəm

Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

“Azərbaycan hökuməti qarşısında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi zərurətini qaldırırıq”... “Həmsədrlər bildirir ki, mülki hava nəqliyyatı vasitələrinə qarşı zorakılığa yol verilməyəcəyi barədə təminat alıblar”.
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Turan agentliyinə müsahibə verib. Maraqlı müsahibəni təqdim edirik.

Sual: Son günlər iki hadisə - Ramil Səfərovun əfvi və Ermənistan tərəfin Xocalıda aeroportu işə salacağı barədə bəyanatları fonunda regionda vəziyyət gərginləşib. Bəzi ekspertlər uçuşların bərpasının Qarabağda döyüş əməliyyatlarının başlamasına səbəb ola biləcəyini istisna etmirlər. Rəsmi Vaşinqton bu məsələ ilə bağlı nə düşünür və tərəflərin qarşısının alınması üçün hansı tədbirlər görülür?

Cavab: Ümumi vəziyyətlə bağlı deyə bilərəm ki, vəziyyətin daha da gərginləşməsinə və münaqişənin qızışmasına imkan verməmək, habelə münaqişənin Minsk prosesi vasitəsilə həlli yollarının axtarışı üçün əlimizdən gələni edirik.

Konkret olaraq Səfərovun məsələsinə gəlincə, ABŞ Dövlət Departamenti və Prezidentinin bəyanatlarını tamamilə dəstəkləyirəm. Orda münaqişənin gərginləşməsinə səbəb ola biləcək hər-hansı addımların yolverilməz olduğu qeyd edilirdi.

Xocalı aeroportuna gəlincə, ATƏT-in Minsk qrupunun ötən ilin aprelində və bu il iyulun 13-də verdiyi bəyanatları xatırlatmaq istəyirəm. Bu bəyanatlarda aeroportun açılmasının vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıq ifadə olunub.

Həmsədrlər bildirir ki, mülki hava nəqliyyatı vasitələrinə qarşı zorakılığa yol verilməyəcəyi barədə təminat alıblar.
MQ həmçinin qeyd edib ki, aeroportun açılmasının Dağlıq Qarabağın gələcək statusunun müəyyən olunmasına heç bir təsiri olmayacaq. Buna görə aeroportun açılmasının bu regionun hüquqi statusunun yüksəldilməsinə şərait yaradacağı barədə iddialar tamamilə əsassızdır. Ümid edirik ki, tərəflər bu məsələni beynəlxalq konvensiyalar və beynəlxalq hüquq çərçivəsində həll edəcəklər.

Sual: Azərbaycanca beynəlxalq energetika layihələrinin həyata keçirilməsində fəal iştirakçı olmuşsunuz. Bu gün tez-tez neft müqavilələrinin həyata keçirilməsinin yalnız əhalinin kiçik təbəqəsinə mənfəət qazandırdığı haqqına fikirlər səslənir. Bu fikirlə razısınız?

Cavab: Bu suala belə cavab verərdim: Azərbaycan enerji resurslarından istifadə ilə inkişaf üçün daha çox imkan əldə edir, nəinki enerji layihələri olmadan.

Eyni zamanda, Azərbaycanın iqtisadiyyatının daha müxtəlif olması çox vacibdir ki, telekommunikasiya, inşaat, kənd təsərrüfatı və digər sahələr kifayət qədər inkişaf etsin. Bütün bu sahələrdə irəliləyiş var, amma bu irəliləyiş daha böyük ola bilərdi.

Bu zaman irəliləyişlərin bütün ölkə vətəndaşlarının ehtiyaclarının təmin edilməsini əhatə etməsi vacibdir.

Sual: Yəni, problem müqavilələrdə deyil, korrupsiya və ədalətsiz paylanma kimi məsələlərdədir? Azərbaycanda korrupsiyaya qarşı mübarizə haqqında nə düşünürsünüz?

Cavab: Şübhəsiz, korrupsiyanın aşağı səviyyədə olması sadə vətəndaşlar üçün daha çox gəlir deməkdir. Və biz müntəzəm olaraq Azərbaycan hökuməti qarşısında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi zərurətini qaldırırıq. Biz Azərbaycan prezidenti Əliyevlə bu barədə danışırıq. Tövsiyələrimiz iqtisadiyyatda şəffaflığın artırılması və korrupsiyanın aradan qaldırılması zərurətinə aiddir. Bu məqsədə nail olmaq üçün zəruri addımların atılacağına və həyata keçirilən tədbirlərin daimi olacağına ümid edirik.

Sual: Sentyabrın 10-da Bakıda keçirdiyiniz ilk mətbuat konfransında təhlükəsizlik, energetika, demokratiya və insan hüquqları məsələlərinin prioritet olduğunu bildirdiniz. Həmçinin, Azərbaycan hakimiyyəti və müxalifəti arasında dialoq qurulması məsələsinə toxundunuz. Sizdən əvvəlki səfir Brayza islahatları gücləndirmək məqsədilə belə bir dialoqun təşəbbüskarı oldu, lakin onun təşəbbüsü uğursuzluqla nəticələndi. Sizin planınızda belə bir dialoq təşkil etmək var?

Cavab: Bildiyim qədər, sözügedən dialoq çərçivəsində prezident administrasiyasının nümayəndəsi ilə vətəndaş cəmiyyəti nümayəndələri arasında bir görüş keçirilmişdi. Bildiyimə görə, yeni görüşlər də keçirilməlidir.

Demokratiya, insan hüquqları və söz azadlığı dəyərləri ABŞ üçün ən üstün prioritet olaraq qalmaqdadır. Bu barədə dövlət katibi Klinton da Bakıya səfərləri zamanı bildirib. Əlaqələrimiz zamanı hökumətə müntəzəm olaraq bu barədə xatırladırıq, bu sahələrdə vəziyyətin yaxşılaşacağını gözləyirik.

Daha plüralist cəmiyyətə malik olmaq Azərbaycan hakimiyyətinin marağındadır. Bu mənada gənclərin imkanları böyük əhəmiyyət daşıyır. Gənc nəsil öz inkişafı, özünü ifadə etmək və həyata keçirmək imkanlarını görməlidir, hökumətin vəzifəsi isə bunun üçün bütün şəraitləri yaratmaqdır. Bu şərtlərdən biri də bütün bu hüquqların təmin edilə biləcəyi daha açıq cəmiyyət formalaşdırmaqdır.

Biz rəsmilərlə görüşlər zamanı bütün bu məsələləri təkcə ümumi problemlər olaraq qaldırmırıq, həm də konkret hallar və şəxslər barəsində danışırıq.

Hakimiyyətin real islahatlar üçün siyasi iradəsi olduğuna inanırsınız? Vətəndaş cəmiyyətində belə bir fikir var ki, hakimiyyətin iradəsi yoxdur, dialoq haqqında danışıqlar isə formal xarakter daşıyır.

Bizim cəmiyyətdə belə bir fikir var ki, ümumi süstlüyün səbəbi demokratik dəyərlərdən ümidin kəsilməsidir, belə ki, avtoritar siyasi rejim, total korrupsiya və əsas azadlıqların pozulması şəklindəki hazırki fəaliyyət məhz demokratiyanın nəticələri kimi qəbul olunur. Bu, öz növbəsində, cəmiyyətin əksər hissəsini və ilk növbədə gəncləri dini dəyərlərin ağuşuna itələyir.

Sual: Sizə elə gəlmirmi ki, bu, demokratiya tərəfdarları üçün həyəcan siqnalı olmalıdır?

Cavab: Əlbəttə, biz yaxşı başa düşürük ki, dialoq formal olmamalıdır. Hakimiyyət şikayətləri və narazılıqları dinləməyi, vətəndaşlarının qayğılarını görməli və real problemlərə biganə qalmamalıdır. Hakimiyyət bütün bunları görsə və eşitsə, ölkə çiçəklənən və güclü dövlətə çevriləcək.

Sual: Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. ABŞ İlham Əliyevin üçüncü dəfə prezident vəzifəsinə namizədlik irəli sürmək niyyətini necə qiymətləndirir?

Cavab: Mövzunun İlham Əliyevin üçüncü dəfə namizədlik irəli sürüb-sürməyəcəyi məsələsi olduğunu düşünmürəm. Əsas mövzu seçkilərin demokratik olub-olmayacağıdır.

Hakimiyyətə beynəlxalq öhdəliklərini yerinə yetirməsində dəstək məqsədilə onunla əməkdaşlıq edəcəyik.

Biz həmçinin dərk edirik ki, demokratiya təkcə seçkilər günü demək deyil. Demokratiya azad və fəal vətəndaş cəmiyyəti, açıq və şəffaf institutlar deməkdir.

KİV və ifadə azadlığı olmadan ədalətli seçkilər təsəvvür etmək mümkün deyil. Başa düşürük ki, bütün bu şərtlərə riayət etməklə seçkilərin ədalətliliyini təmin etmək olar və bunu hökumətə açıq-aşkar söyləyirik. İnanmaq istərdik ki, hakimiyyətin demokratiya və plüralizmə sadiqlik təminatları yerinə yetiriləcək.


Sual: Dövlət Departamentinin, Freedom House və ABŞ-ın digər rəsmi və qeyri-rəsmi qurumlarının hesabatlarında Azərbaycanda söz azadlığı, demokratiya və insan hüquqları sahəsində ciddi problemlər olduğu qeyd olunur. Vaşinqton bu istiqamətdə vəziyyətin yaxşılaşdırılması üçün hansı tədbirləri görməyi planlaşdırır?

Cavab: Artıq söylədiyim kimi, biz müntəzəm olaraq hökumətlə əlaqələr zamanı ümumi və spesifik məsələləri müzakirə edirik. Eyni zamanda, vətəndaş cəmiyyətinin dəstəklənməsinə, şəffaflığın artırılmasına, KİV-in müstəqilliyinin və ifadə azadlığının möhkəmləndirilməsinə, açıq cəmiyyət formalaşmasına yönəlmiş layihələr və proqramlar həyata keçiririk.

Biz həmçinin gənclərin təhsil imkanlarının yaxşılaşdırılması, ideyalarını irəli sürmək imkanlarından istifadə məqsədilə gənclərlə fəal işləmək niyyətindəyik. Bu mənada açıq müzakirələr və plüralizm mənbəyi kimi sosial şəbəkələrin inkişafına böyük əhəmiyyət verilir.

Yeri gəlmişkən, İnternet və sosial şəbəkələr hakimiyyət üçün də ünsiyyətlər qurmaq və cəmiyyətin inkişafı üzrə layihələr həyata keçirmək üçün gözəl məkandır.

Sual: Növbəti aktual mövzu İran ətrafında gərginlikdir. Bir çox ekspertlər Tehrana qarşı tezliklə hərbi əməliyyat olacağını istisna etmirlər. Müharibə baş verərsə qonşu ölkələrdəki “Amerika obyektlərini” bombalayacağı ilə hədələyən Tehran tərəfdən hücum olduqda ABŞ Azərbaycanı müdafiə etməyə hazırdır?

Cavab: Bu suala ikili cavab verərdim. Birincisi, biz terrorizmə qarşı mübarizə və təhlükəsizliyin təmin edilməsi məsələlərində Azərbaycan hökuməti ilə fəal şəkildə əməkdaşlıq edirik. Bu, əməkdaşlığımızın böyük hissəsini təşkil edir. İkincisi, İranın nüvə silahı yaratmasının qarşısını almaq məqsədilə ölkəyə diplomatik təzyiqlərdən və sanksiyalardan istifadəni davam etdiririk.

İnanırıq ki, bu kifayət edəcək və hərbi əməliyyata zərurət qalmayacaq. Prezident Obamanın sözlərini təkrarlamaq istəyirəm ki, nüvə İranı tamamilə qəbuledilməzdir. Bu mənada, Azərbaycanın narahatlığını yaxşı başa düşürük.

Sual: Azərbaycan üçün daha ciddi bir problem var – 20 ildən çoxdur həll edilməyən Qarabağ məsələsi. Son vaxtlar tez-tez ATƏT-in Minsk Qrupunun imkanlarının tükəndiyi, nizamlanmanın yeni formatlarının axtarılması zərurəti haqqında fikirlər səslənir. Bir sıra Amerika ekspertləri, məsələn, Uen Meri, Bosniyada olduğu kimi, sülhə məcbur etmə metodundan istifadə etməyi təklif edir. Bu məsələ ilə bağlı nə düşünürsünüz?

Cavab: Biz Minsk prosesinə sadiqik və hələlik alternativ görmürük. Biz həmçinin sülh yolu ilə tənzimlənmənin tərəfdarıyıq. Problemin həlli üçün lazım olan tək şey bu və ya digər formatda danışıqlar və vasitəçilər deyil, tərəflərin siyasi iradəsidir. Nə qədər ki, bu iradə olmayacaq, tənzimləmə barədə danışmağa dəyməz.

Amerikanın mövqeyinə gəlincə, mən burada, Bakıda oturaraq, daim vasitəçilər və hökumətlə işləyirəm. Bizim vəzifəmiz danışıqların girdiyi dalandan çıxış yolu tapmaqdır.

Sizi inandıra bilərəm ki, ABŞ üçün bu münaqişənin həlli əsas prioritet olaraq qalır, dövlət katibi Hillari Klinton bunu həmişə vurğulayır.

Mövzunun sizin üçün nə qədər ağrılı və əhəmiyyətli olduğunu yaxşı başa düşürəm. Və mən demişəm ki, problemi mənim Azərbaycanda fəaliyyətim dövründə həll edilsə, mən ən xoşbəxt insan olacağam.

Sual: Gəlin energetika məsələlərinə qayıdaq. Transxəzər qaz kəmərinin həyata keçirilməsi perspektivlərini necə qiymətləndirirsiniz?

Cavab: Bildiyiniz kimi, mən uzun illər Xəzər bölgəsində energetika məsələləri ilə məşğul olmuşam. Transxəzər qaz kəməri məsələsi ilə isə 1998-ci ildən məşğul oluram.

Avropa İttifaqı, Azərbaycan və Türkmənistan uzun müddətdir danışıqlar aparır. Eyni zamanda, Türkiyə bu qaz kəmərinin çəkilməsini fəal şəkildə dəstəkləyir. Buna görə ümid edirik ki, Azərbaycan və Türkmənistan da bütün məsələlər üzrə razılıq əldə edəcəklər.

Sual: İlham Əliyevin BP-nin ünvanına kəskin tənqidini necə qiymətləndirdiniz?

Cavab: Azərbaycan hökuməti və BP arasında qarşılıqlı münasibətlər çox əhəmiyyətlidir və ümumi vəziyyətə böyük təsir göstərir. Bu münasibətlər 20 ildir davam edir və ümid edirəm ki, tərəflər bu məsələlərin əhəmiyyətini nəzərə alaraq addım atacaqlar və razılığa gələcəklər. Biz, öz növbəmizdə, bu və ya digər tərəfi dəstəkləmirik və problemi münaqişəsiz həll etməyə çağırırıq.

Sual: Son həftədə parlament üzvünün ali məktəb rektorundan deputat seçilmək üçün pul tələb etdiyini əks etdirən videoçarxla bağlı böyük qalmaqal yaşandı. Bu hadisəni necə qarşıladınız?

Cavab: Gördüklərimlə bağlı şərh verməkdə çətinlik çəkirəm. Yalnız onu deyə bilərəm ki, biz baş verənləri diqqətlə izləyirik və hakimiyyətin bu hadisəni şəffaf və ədalətli araşdıracağına ümid edirik.

Sual: Sirr deyil ki, son illər Azərbaycanda islam amili güclənir, dindarların cəmiyyətdə rolu və təsiri artır. Bu zaman islamın getdikcə daha çox siyasi amilə çevrildiyi barədə narahatlıqlar ifadə olunur. Bu təmayülləri necə qiymətləndirirsiniz?

Cavab: Bir qədər geri qayıtmaq istəyirəm. Radikalizm – istər siyasi olsun, istərsə də dini – hakimiyyətin öz vətəndaşları üçün kifayət qədər imkan yaratmamasının nəticəsidir. Bu o deməkdir ki, istər Azərbaycan olsun istər başqa ölkə, cəmiyyətdə mühüm problemlər həll edilməyib, təbəqələrə ayrılma var, insanların öz qanuni hüquqlarını təmin etmək üçün leqal imkanları yoxdur.

Hesab edirəm ki, Azərbaycan daha açıq və daha demokratik olsa, radikalizm üçün əsas olmaz.