Riçard Morninqstar: Amerika Azərbaycanın energetika sektorunda şirkətlərinin sayının artırılmasında maraqlıdır (video)

Your browser doesn’t support HTML5

Səfir Riçard Morninqstar jurnalisrlərin suallarına cavab verib

Amerika Xəzərdə təhlükəsizlik əməkdaşlığı və Azərbaycana təyyarə reysinin açılmasını istəyir. Səfir həmçinin Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əlaqələrdən də danışıb
Sentyabrın 28-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCHan) Hyatt Recency otelində “Azərbaycan Respublikasının Milli Məclisinin bələdçisi” kitabının təqdimatında
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar çıxış edib.

AmCHam Azərbaycanda biznes mühitini dəstəkləyən və təşviq edən qeyri-kommersiya biznes assosiasiyasıdır. Assosiasiya 1996-cı ildə təsis edilib və 240 üzvü var. AmCHam da cəmləşən biznes qurumları Azərbaycandakı bütün xarici investisiyaların 80 faizini və yerli investisiyanın əhəmiyyətli hissəsini təmsil edir.

Səfir Morninqstar bildirib ki, Amerika Azərbaycanda iqtisadi mühitin inkişafına yardım göstərməyə hazırdır.

“Biz Azərbaycanda Amerika şirkətlərinin sayının artırılmasında maraqlıyıq”.

O həmçinin Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə inkişaf etdiyini, daha da inkişafın zəruriliyini deyib.

Riçard Morninqstar çıxışında Dağlıq Qarabağ probleminə də toxunub.

“Müzakirə etdiyim əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Münaqişə bütün azərbaycanlıları dərindən narahat edən məsələdir”.

Səfir Azərbaycanın Əfqanıstandakı sülhyaratma əməliyyatında əhəmiyyətli rolunu qeyd edib.

“Azərbaycanın Əfqanıstanda mülki cəmiyyətin inkişafı və tərəqqisinə yardım göstərmək səylərini dəyərləndiririk”.

R.Morninqstar Amerikanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına kömək etməyə hazır olduğunu bəyan edib.

“Amerika Azərbaycanın energetika sektorunda çalışan ABŞ şirkətlərinin sayının artırılmasında maraqlıdır. ABŞ energetika sektorunda yalnız bir şirkətlə təmsil olunur. Düşünürəm ki, Amerika şirkətlərinin bu sahədə təmsil olunması çox mühüm əhəmiyyət daşıyır”.

O eyni zamanda Azərbaycanın tezliklə ÜTT-yə üzv qəbul olunacağına ümid etdiyini bildirib.

“Azərbaycanın ÜTT-yə üzv qəbul olmaq niyyətinin nə qədər ciddi olduğunu bilmirəm, amma biz bunu ciddi hesab edirik. ÜTT-yə qəbul və ÜTT tələblərinə uyğunlaşma Azərbaycan iqtisadiyyatının xeyrinə olar”, - o qeyd edib.

Səfir təqdimatda iştirak edənlərin demokratiya, biznes mühiti, iqtisadiyyatın hərtərəfli inkişafı və iki ölkə arasındakı iqtisadi əlaqələrlə bağlı çoxsaylı suallara cavab verib.

Təqdimatdan sonra səfir Morninqstar jurnalistlərin suallarına da cavab verib.

O Amerikanın Səsi radiosunun Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıqbarədə sualının cavabında deyib ki, Amerika Xəzər dənizində təhlükəsizliklə bağlı Azərbaycanla sıx əməkdaşlıq etmək istəyir.

“Burada müxtəlif istiqamətlərdə danışıqlar aparırıq ki, Xəzərdəki infrastrukturun təhlükəsizlik baxımından qorunmasında köməkliyimizi və əməkdaşlığımızı həyata keçirək”.

Səfir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması sahəsində danışıqlarda yaranmış çətin vəziyyətlə bağlı suala isə belə cavab verib: “Yaranmış hər hansı çıxılmaz vəziyyətdən çıxmaqda yol tapılması üçün hər iki tərəfin səy göstərməsi çox vacibdir. Mən öz tərəfimdən həmsədrimiz və Azərbaycan hökuməti ilə birgə çalışacam ki, irəliləyiş əldə olunsun və problem sülh yolu ilə həllini tapsın. Problemin yeganə çıxış və həll yolu sülh yoludur”.

ABŞ Azərbaycanla ümumi hava məkanı haqqında saziş imzalamaq üçün danışıqların başlamasında maraqlıdır. Səfiri Morninqstar deyib ki, bu sahədə danışıqlar hələ başlamayıb.

“Danışıqlar prosesi təxminən bir-iki il davam edə bilər. Demək istəyirəm ki, biz Azərbaycandan ABŞ-a və ola bilsin ki, oradan da Azərbaycana birbaşa reyslərin təşkili üzərində çalışmağa hazırıq”, - o bildirib.