31 yanvar - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin doğum günüdür
Azadlıq Radiosu Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin sabiq parlament sədri Əlimərdan bəy Topçubaşovun məzarı başında nitqindən bir hissəni təqdim edir. (Paris, 1934)
"Xanımlar, bəylər!
Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.
Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin sayğılı başçısını müsafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq.
Parlamento rəisi, Nümayəndə Heyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanları zikr etməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümülü ilə qavramaq qətiyyən mümkün deyildir.
Yetmiş beşi haqlayan yaşının heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!...
Bəli, Əli Mərdan bəyin geçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaşi Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır.
Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əli Mərdan bəy meydana çıxmışdı.
... Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər...
Budur sənə söyləyəcəyim son söz! ...
Sənə bizlərdən minlərlə rəhmət ! ...
Sənə bizlərdən minlərlə hörmət!! ..."