Rəsul Quliyevin hüquqlarını müdafiə komitəsi təsis edilib

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev

Müdafiə Komitəsi 2013-cü il prezident seçkilərinə eks-spikerin namizəd kimi qatılmasının təmin olunmasını önə çəkib
ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyevin hüquqlarını Müdafiə Komitəsi təsis edilib.

İstiqlalçı deputat Hacıbaba Əzimov və şair Musa Yaqub komitənin həmsədrləri seçiliblər. Hələlik komitəyə 36 nəfər daxil olub, 2013-cü il yanvarın sonuna qədər komitənin formalaşdırılmasının başa çatdırılması nəzərdə tutulur.

H.Əzimov eks-spikerin müdafiəsini “xalqın gələcəyi üçün xeyirli iş” adlandırıb. 1996-cı ildə R.Quliyevin ölkədən məcburi mühacirətə getməsinə səbəb kimi “hökumətin fəaliyyətinin qənaətbəxş olmaması” haqda parlamentin qəbul etdiyi qərarı göstərib. Eks-spikerin ölkədən getməsi “ölkənin təşəkkülünə çalışan şəxsin vətəndə yaşamaq hüququndan mərhum olunması” kimi dəyərləndirilib.

Komitə R.Quliyevin vətənə dönməsi üçün beynəlxalq qurumlarla, Avropa məhkəməsilə əməkdaşlıq etməyi nəzərdə tutur. Komitə üzvləri R.Quliyevin hüquqlarının müdafiəsinə “xalq üçün çox iş görəcək insanın hüquqlarını qorumaq” statusunda yanaşıblar. Həm də 2013-cü il prezident seçkilərinə eks-spikerin namizəd kimi qatılmasının təmin olunmasını önə çəkiblər.

Keçmiş deputat Zəminə Dünyamalıyevaya görə, vətənə qayıdış “R.Quliyevin özündən çox, xalqa lazımdır” və eks-spiker “prezident seçkilərində ən şanslı namizəddir”.

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bu günlərdə mətbuatda eks-spiker Rəsul Quliyevin barəsində yeni cinayət işinin başlanması haqda xəbərləri əsassız adlandırıb. Onun sözlərinə görə, iqtidar 2005-ci ildə R.Quliyevə qarşı dövlət çevrilişi ittihamı ilə açdığı cinayət işini yenidən gündəmə gətirib.

“Bu xəbərlər komitənin fəaliyyətinə, komitəyə qoşulmaq istəyən ziyalılara təzyiqdir”, - ACP sədri bildirib.