Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov istintaqın ona aid etdiyi vergi borcunu ödəyib. Bu barədə facebook-da Cəfərovun adından dərc edilmiş bəyanatda deyilir.
Vergi ödənişi haqqında müvafiq sənəd iyulun 31-də Cəfərovun şikayətinə baxılması zamanı Bakı Apellyasiya Məhkəməsinə təqdim ediləcək.
Vəkil Fariz Namazlının Amerikanın Səsinə bildirib ki, Vergi Məcəlləsinin 213.1-ci maddəsində vergi borcu ödəndiyi zaman cinayət məsuliyyətindən azad edilmə nəzərdə tutulur.
Buna görə məhkəmə Cəfərovun 213.1-ci maddə ilə ittiham edilməsinə xitam verməli və onun barəsində təyin edilmiş 1 illik azadlıqdan məhrumetmə cəzasını ləğv etməlidir.
Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, vergi ödənişindən yayındığına görə ilk dəfə mühakimə olunmuş şəxs borcunu ödədiyi halda məsuliyyətdən azad edilir.
Digər yumşaldıcı halları nəzərə alaraq, borcun ödənilməsi məhkəməyə azadlıqdan məhrumetmə müddətinin qalan hissəsini şərti cəza ilə əvəz etməyə imkan verir.
Eyni zamanda, apellyasiyada müdafiə tərəfi Cəfərovun tamamilə təqsirsiz olması məsələsini qaldırır və bəraət hökmü çıxarılmasında israr edir.
O, həmçinin qeyd edib ki, vergi borcunun ödənməsi o demək deyil ki, Cəfərov özünü təqsirli bilib.
“Hazırda o, məhkəmə qaydasında ona aid edilmiş 6.257 manat borcun qanuniliyinə etiraz edib”, deyə vəkil bildirib.
Cəfərov öz bəyanatında onu da qeyd edir ki, vergi borcunu təkcə cəzasını yumşaltmaq üçün ödəməyib, bu addımı hakimiyyətlə dialoqa hazır olduğunu nümayiş etdirmək məqsədilə atıb”, deyə vəkil bildirib.
Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Hökm elan edildikdən sonra Cəfərov ittihamı saxta və siyasi sifariş hesab etdiyini bildirib.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” elan edib.
Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, Avropa İttifaqı və s. çoxsaylı bəyanatlarında və çağırışlarında Azərbaycan hakimiyyətini Cəfərovu və digər hüquq müdafiəçilərini azad etməyə çağırıb.