Vəkil: Rəsul Cəfərovun həbsi qabaqcadan hazırlanıb [Audio-müsahibə]

Rəsul Cəfərov

Fariz Namazlının Amerikanın Səsinə müsahibəsi

Vəkil Fariz Namazlı Amerikanın Səsinə müsahibəsində hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsinin səbəblərindən danışıb.

Your browser doesn’t support HTML5

fariz_namazli

"Rəsul Cəfərov artıq kameraya köçürülüb. Səhhəti normaldır, saxlanma şəraiti və ona münasibətlə bağlı şikayəti yoxdur. Cəfərovun yeganə narazılığı həbsinin qanunsuz olması, yəni saxta ittihamlar əsasında tutulmasıdır”, vəkil qeyd edib.

Rəsul Cəfərova qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək ittihamları irəli sürülüb. “Bununla istintaq orqanı özü-özünü təkzib edir. Çünki istintaq özü qeyd edir ki, Cəfərov hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərib, digər tərəfdən də ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürür. Əgər o hüquqi şəxs deyilsə hansı vəzifə səlahiyyətləri ola bilər?”, vəkil sual edir.

Onun fikrincə Rəsul Cəfərovun vergidən yayınması ilə bağlı ittihamın da əsası yoxdur. “Cəfərov vergiləri ödəyib. Maraqlıdır ki, eyni vaxtda həm məhkəmə qərar qəbul edib ki, vergilərlə bağlı yoxlama aparılsın, elə həmin vaxtda da ekspert vergidən yayınma ilə bağlı rəy verib. Bu qədər sənədi bir saat ərzində yoxlayıb qərara qəbul etmək qeyri-mümkündür. Ümumilikdə istintaqın ilkin sübutlarında Cəfərovun təqsiri sübuta yetirilmir. Biz hesab edirik ki, o qanunsuz həbs olunub”.

Vəkilin dediyinə görə, Cəfərov istintaqın tələb etdiyi bütün sənədləri təqdim edib və həbs edildiyi gün də daxil olmaqla bir neçə gün dalbadal istintaqın çağırışına gəlib. “Cəfərov həbs olunan gün də sənədləri istintaqa təqdim etmişdi. İstintaq həmin sənədləri araşdırmalı idi, amma onu həbs etdi. Göründüyü kimi, onun həbsi qabaqcadan hazırlanmışdı. Cəfərovun hüquq müdafiəçisi kimi fəaliyyəti onların xoşuna gəlmirdi. Həm də 2015-ci ildə Azərbaycanda Avropa oyunları keçiriləcək. Cəfərovun Eurovision zamanı hüquq müdafiə fəaliyyətini bilirdilər və Avropa oyunları zamanı onun bu fəaliyyətinin qarşısını almaq üçün həbs qərarı verilib”.

F.Namazlı məhkəmənin həbs qətimkan qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi avqustun 8-də saat 12-də şikayətə baxacaq.