Respublikaçılar və Demokratlar bu il pandemiya səbəbilə virtual konvensiyalar keçirdilər

Your browser doesn’t support HTML5

Bu həftə Respubkilaçılar partiyası Donald Trampı ikinci dəfə Birləmiş Ştatlar prezidenti vəzifəsinə nominasiya etmək üçün Milli Konvensiya keçirib. Ötən həftə Demokratların Konvensiyasında olduğu kimi koronavirus pandemiyası Respublikaçılar da sosial məsafənin qorunduğu bir milli konvensiya keçiriblər.

Respublikaçılar Demokratlardan fərqli olaraq konvensiyanı prezident Donald Trampı yenidən nominasiya etmək üçün ştatların səsvermələrini insanların televizoru ən çox izlədiyi praym-taymda deyil, gündüz saatlarında keçiriblər.

Demokratlar isə səsverməni ölkə boyu dolaşan bir səyahət videosu kimi hazırlayıblar. Belə ki, hər ştatdan deleqatlar səs vermədən öncə ştatları barədə qısa videolar nümayiş etdiriblər.

“Əslində düşünürəm ki, virtual konvensiya hər iki partiya üçün bir nemət oldu. Birincisi, virtual konvensiya Demokratlara partiya arasındakı ixtilafları ört-basdır etmək imkanı yaratdı. Məsələn hər hansı böyük etiraz və ya Berni Sandersə dəstək məqsədilə çağırışlar olmadı. Bundan əlavə Respublikaçıların Milli Konvensiyasında da dörd il öncə olduğu kimi “onu həbs edin” çağırışları olmadı,” Amerika Sahibkarlıq İnstitutundan Metyu Kontinetti bildirib.

Demokratlar qısa nitqləri tamaşaçılara çatdırmaq üçün aşağı texnoloji videolardan istifadə ediblər. Respublikaçılar isə böyük auditoriyada əvvəlcə lentə alınmış və ya canlı yayımlanan çıxışlara üstünlük verərək, canlı konvensiya ab-havası yaratmağa çalışıblar.

Respublikaçıların Konvensiyasında yalnız bir neçə respublikaçı rəsmi çıxış edib. Sabiq prezident Corc Buş onlar arasında yer almayıb.

“Respublikaçılar Partiyasının köhnə qvardiyasının orda olmamasının, şübhəsiz ki, bir mənası var. Siz partiyanın davamlılığını, partiyanın arxanızda olduğunu göstərmək istəyirsiniz, amma bu il əsas fiqurların orada olmaması ilə bu baş vermədi,” Vanderbilt Universitetindən Vanessa Bisli bildirib.

Bunun əvəzinə Respublikaçıların Konvensiyasında çıxış edənlərin çoxu prezidentin ailə üzvləri oldu.

“Fikrimcə əgər konvensiyann məqsədi onun elektoratını həyəcanlandırmaqdırsa, onlara dörd ilə öncə Donlad Trampa nə üçün səs verdiklərini xatırlatmaqdırsa, ailə üzvləri də bunu ən yaxşı ədə biləcək insanlardandır,” Metyu Kontinetti deyib.

Birinci xanım Melania Tramp COVID-19-nun təsirinə məruz qalan insanların dərdlərinə şərik çıxıb. Nitq söyləyən digər insanlar isə prezidentin koronavirusla mübarizəsini alqışlayıb.

Demokratlar konvensiyanın böyük bir hissəsində Trampı pandemiyaya qarşı kifayət qədər mübarizə aparmadığına görə tənqid ediblər.

“Əlbəttə ki, Co Bayden qonaqları ilə Zoom vasitəsilə uzaqdan danışdı. Və o nə zaman insanlarla yaxın təmasda olsa, maska taxırdı. Donald Tramp isə canlı olaraq Ağ Evdə çıxış etdi və maska taxmamışdı. Məncə bu iki partiya arasındakı daha dərin fərqləri nümayiş etdirir, yəni təkcə koronavirusa yanaşma ilə bağlı deyil, həm də ümumilkidə Amerikanın gələcəyi ilə bağlı,” Metyu Kontinetti bildirib.

Hər iki partiya iddia edir ki, əgər rəqib namizəd qalib gəlsə Amerikanı qaranlıq gələcək gözləyir.

Canlı izləyicilər olmadığı üçün bu ilki konvensiyaların ikisində də çıxışlar daha qısa oldu. Amma həm Demokratların, həm Respublikaçıların konvensiyasını televizya vasitəsilə dörd il öncəki konvensiyalarla müqayisədə daha az insan izləyib.