Çərşənbə axşamı baş tutacaq ilkin seçkilərin daha bir mühüm mərhələsindən öncə dörd respublikaçı namizəd arasında əsasən sivil qaydada keçirilən debatda müzakirə olunan mövzular sırasında radikal İslam, xarici siyasət və ticarət yer alıb.
Radikal müsəlmanların yaratdığı təhlükəyə namizədlər fərqli yanaşmalar sərgiləyib.
Prezidentlik uğrunda yarışda səs sayına görə Trampa ən yaxın olan rəqibi texaslı senator Ted Kruz Trampın ABŞ-la əməkdaşlıq etməyən ölkələrə yüksək ticarət tariflərinin tətbiq olunması təklifini tənqid edib.
Bu dəfə özünü daha təmkinli aparan Tramp debat zamanı Kruzla heç bir mübahisəyə daxil olmayıb. O, ilkin seçkilərdə əldə etdiyi qalibiyyətləri çərşənbə günü Florida, İllinois və Ohayo da daxil omaqla, altı ştatda keçiriləcək praymeri və kokuslarda davam etdirmək istəyir.
Əgər floridalı senator Rubio təmsil etdiyi ştatda Trampa uduzsa, bu, onun üçün böyük xəcalət olacaq və hətta bu, onun seçki kampaniyasının sonlanmasına səbəb ola bilər. Cümə axşamından öncə keçirilən rəy sorğularının nəticələri də Trampın Floridada üstün olduğunu göstərib.
Sorğu nəticələri həmçinin Trampın Ohayoda ştatın qubernatoru və hazırda prezidentliyə dördüncü respublikaçı namizəd olan Con Kesik üzərində üstünlüyü qoruduğunu göstərib.
Bundan əlavə bir zamanlar respublikaçılar tərəfindən prezidentliyə namziəd olan Ben Karsonun da açıq şəkildə Donald Trampa dəstəyini ifadə edəcəyi gözlənilir.
Trampın bir zaman digər bir rəqibi olan Nyu Cersi qubernatoru Kris Kristi də bir neçə həftə öncə milyarder biznesmenə öz dəstəyini bildirib.