Azərbaycan prezidenti Fransada səfərdədir

İlham Əliyev və Jerar Larşe

Prezident İlham Əliyev iyulun 19-dan Parisdə səfərdədir.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatlarına förə, prezident Əliyev səfər çərçivəsində Fransa Senatının sədri Jerar Larşe, Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial, “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu, “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay, “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane, “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşlər keçirib.

Senatın sədri Jerar Larşe deyib ki, Əliyevin səfərləri ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Senatın sədri, həmçinin Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışıb, Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini qeyd edib.

Əliyev qeyd edib ki, Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır”, o deyib.

Görüşdə vurğulanıb ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, burada aparılan müzakirələr Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq Sazişə öz müsbət töhfəsini verəcək.

Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli Sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu deyib.

“Fransa bu sənədin imzalanmasında çox maraqlıdır”, o qeyd edib.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Senatın sədri vurğulayıb ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.

Azərbaycan prezidentinin “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşündə bildirilib ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.

“Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay ilə görüşdə isə Azərbaycanın yeni daha yüksək ayırdetmə peyklərini alması və peyklərlə bağlı texnologiyalar ətrafında müzakirələr aparılıb.