Azərbaycanla Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlığının perspektivləri müzakirə edilib

Elmar Məmmədyarov və Peter Maurer

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə Bölməsinə rəsmi səfəri çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan və BQXK arasında 20 ildən çox davam edən əməkdaşlıq və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Məlumatda deyilir ki, Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün humanitar aspektlərinə toxunaraq 2014-cü ilin iyulunda öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir Ermənistanın Azərbaycanın nəzarət etdiyi ərazilərində demoqrafik vəziyyətin dəyişdirilməsi, Suriyadan olan ermənilərin həmin ərazilərdə yerləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər həyata keçirməklə beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozduğunu vurğulayıb.

Həmçinin, BQXK-nın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə zonasının cəbhə bölgəsində yaşayan əhaliyə göstərdiyi humanitar dəstəyi, eyni zamanda itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanması kimi fəaliyyəti təqdir olunaraq gələcəkdə səmərəli qarşılıqlı əməkdaşlıq çərçivəsində bu kimi səylərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.