Yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
PrezidentƏliyev ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş çıxış edib.
O bildirib ki, Azərbaycan xalqı 2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır.
“Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir”.
Onun fikrincə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir.
Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir.
“Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır”.
Prezident əmindir ki,2018-ci ildə Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək.
“Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır”.
Dövlət başçısı bildirib ki, 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilib.
“Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır”.
Keçən il valyuta ehtiyatları artıb.
“2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir”.
Onun sözlərinə görə, 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub.
“Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir. Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır”.
Əliyev deyib ki, hər il əhali ən azı 100 min nəfər artır.
“İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlmişdir. Bu da təbii ki, istehlakın artmasına gətirib çıxarır. Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o cümlədən ərzaq məhsullarının ixracı sürətlə artır. İl ərzində qeyri-neft ixracının 24 faiz artması görülən işlərin nəticəsidir. İdxal isə təqribən cəmi 1 faiz artmışdır və bu da təbiidir”.
Onun dediyinə görə, ötən il ticarət balansının müsbət saldosu6,2 milyard dollar olub.
2017-ci ildə 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimi iş yeridir.
Prezidentin sözlərinə görə, 2017-ci ildə 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimi iş yeridir.
“Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Bu da təbii prosesdir. Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır. Qeyd etməliyəm ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir”.
Ötən ilin yekunlarına görə ölkənin 93 faizi qazlaşdırılıb.
“Görülən tədbirlər nəticəsində 100 min hektardan çox sahə suvarılmağa başlanmışdır”.
2017-ci ildə 1300 kilometr avtomobil yolu salınıb.
“Beş yüzdən çox kəndə yeni yol salınmışdır. Biz ilin əvvəlində bəyan etmişdik ki, şərti olaraq 40 kənd yolu layihəsini icra edəcəyik, ancaq hər bir layihənin əhatə dairəsi çox genişdir. Biz il ərzində yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayırdıq və beləliklə, 500-dən çox kəndə yeni gözəl yol salınıbdır”.
Ötən 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə cari təmir aparılıb. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. İki Olimpiya İdman Kompleksi istifadəyə verilib.
Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.
Bununla yanaşı prezident deyib ki, ölkədə ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabərdir.
“Bu, 400 mindən çox insanı əhatə edir. Orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Bu da bizim sosial siyasətimizin təzahürüdür”.
Əliyev deyib ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir.
“2017-ci ildə 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır”.
Eyni zamanda, 2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb.
Prezident Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
“Bunun heç bir başqa yolu yoxdur. Bizim prinsipial mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir. Bunu əks etdirən bir neçə önəmli hadisə olmuşdur. Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır”.
Dövlət başçısı ölkənin hərbi gücünün artırıldığını da diqqətə çatdırıb.
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
“Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq”.
Onun sözlərinə görə, Azərbaycan yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrır.
“Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir”.
O ölkənin enerji strategiyasından danışarkən deyib ki, 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb.
“Bu, imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Burada söhbət on milyardlarla dollardan gedir”.
Əliyevin fikrincə, “Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması sərmayədən başqa digər önəmli dividendlər də gətirir.
“İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə qalacaq. Deyə bilərəm ki, bu da gənc, müstəqil ölkə üçün xarici investorlarla neft sahəsində əldə edilmiş ən gözəl nəticədir”.
Kontraktın uzadılmasına görə, xarici investorlar on milyardlarla dollar sərmayə qoyacaq, ondan əlavə 3,6 milyard dollar səkkiz il ərzində bərabər hissələrlə ölkəyə bonus kimi veriləcək.
Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib.
“Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir.
“İlin əvvəlində üçüncü dəfə “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilmişdir. Bütün lazımi məsələlər müzakirə olundu və il ərzində layihənin icrası təmin edilmişdir. Son məlumata görə, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi reallaşıb. TAP layihəsinə gəldikdə isə, orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas paya malik deyil. Bizim orada 20 faiz payımız var, amma biz iştirak edirik. Mənə verilən məlumata görə, o layihənin icrası 60-62 faiz səviyyəsindədir”.
Prezident hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı həm ölkə, həm bölgə, həm də dünya üçün önəmli hadisədir.
“Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. Bilirsiniz ki, Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir. Yol açılandan sonra qısa müddət ərzində - cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur”.
Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılıb.
Prezident hökuməti 2018-ci ildə makroiqtisadi vəziyyət sabit olması üçün çalışmağa çağırıb.
“Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Manatın məzənnəsi sabitdir. Qeyd etdiyim kimi, 6,2 milyard dollar müsbət saldomuz makroiqtisadi sabitlik üçün çox önəmli amildir”.
Dövlət başçısı hesab edir ki, ölkənin xarici borclarının səviyyəsi aşağı düşməlidir.
“Bu ilki büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulub. Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik”.
Onun sözlərinə görə, 2018-ci ildə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq.
“Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək. Baxarıq, əgər layihələrin sayı çoxalarsa, biz bu məbləği prinsipcə artıra bilərik”.
Prezident 2018-ci ildə ölkədə qeyri-neft sektoruna aid çoxsaylı istehsalat sahələrinin, sənaye parlarının açılacağını deyib. Bölgələrdə modul tipli 137 məktəb tikiləcək.
“Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. Bununla da Bakı şəhərində təmirsiz məktəb qalmamalıdır. Biz bu proqramı da başa çatdırmalıyıq. Altı şəhərdə yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək. Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində xəstəxanalar açılacaq, Xırdalan, Qəbələ şəhərlərində və Füzuli rayonunda müasir xəstəxanaların tikintisi davam etdiriləcək. Dörd Olimpiya İdman Kompleksinin tikintisi nəzərdə tutulur. Onlardan ikisi bu il istifadəyə verilməlidir”.
Sənaye parklarının yaradılması istiqamətində praktiki addımlar atılır. Keçən il Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilir.
“Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı bu il gözlənilir. Sumqayıt Kimya Sənaye Parkında isə işlər çox uğurla gedir. Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb və qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir. Bax, bu təşəbbüs görün nə qədər gözəl nəticə verir. 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur - hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir. O cümlədən dövlət kənd təsərrüfatı ilə bağlı olan işləri - infrastruktur işlərini, meliorativ tədbirləri, kanalların çəkilməsini, suyun sahələrə verilməsini öz üzərinə götürür”.
2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq.
“
On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur.
"Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır”.
Onun firkincə, 2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaq, bostançılıq, bağçılıq, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, zeytunçuluq, heyvandarlıq sahələrində inkişaf olacaq.
Dövlət başçısı 2018-ci ildə turizmin inkişafı sahəsində yeni infrastrukturların yaradılacağını, avtomobil və dəmir yollarının genişləndiriləcəyini deyib.