Aprelin 20-də müstəqil reportyor Teymur Kərimov Bakının Sabunçu rayonunda "9-cu mədən” adlanan ərazidə naməlum mülki geyimli şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb.
Bu barədə Kərimovun özü Amerikanın Səsinə müsahibəsində bildirib.
Your browser doesn’t support HTML5
“Dünən, aprelin 20-də reportyor Fatimə Mövlamlı müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində çəkiliş aparmışdı. Sonra, biz, onunla Bakı Apellyasiya Məhkəməsinin qarşısına gəldik. Orada bir avtomobildən bizim fotolarımızı çəkirdilər, avtomobildə iki nəfər də var idi. Biz bilmədik, onlar haranın əməkdaşlarıdır. Biz məhkəmənin qarşısında çəkilişi qurtardıqdan sonra həmin şəxslər getdilər. Sonra mən Mövlamlını evlərinə apardım. O, Əli Kərimlininin evində apardığı çəkiliş olan yaddaş kartını mənə verdi. Mən yaddaş kartını avtomobilin motor hissəsində gizlətdim. Evimizə tərəf yönələndə mənə “9-cu mədən” ərazisindən zəng gəldi ki,`biz karantinlə əlaqədar acından ölürük`, bizim durumumuzu çəkməyinizi xahiş edirik. Bəlkə köməyi oldu. Mən “9-cu mədən” ərazisinə çatanda həmin qadına zəng etmək istədim ki, həmin qadın qonşuları ilə birgə gəlsin. Telefonla danışmaq istəyərkən iki ədəd “Niva” markalı avtomobildə dörd nəfər gəldi. Qollarına “Tornodo” yazılmışdı. Onlar kimliyimi soruşdular. Dedim jurnalistəm. Bundan öncə də həmin ərazidə çəkilişlərim olmuşdu. Bunlar mənə dedilər avadanlığını götür, ərazini tərk et. Mən də dedim jurnalistəm, neft buruqlarını çəkmirəm, insanları çəkəcəm. Beləcə mübahisə yarandı. Sonra məni sürüdülər kurtkam cırıldı, boynumda cızıq var, komputerim zədələndi, kameramdan kartı çıxaranda kamera əlimdən düşdü zədələndi. Amma, kameramın yaddaş kartını götürdülər. Hansı ki, Əli Kərimlinin evində aparılan çəkiliş həmin yaddaş kartında idi,” o qeyd edib.
Kərimov deyib ki, Apellyasiya Məhkəməsinin qarşısından aralandıqdan sonra izlənmədiyini hiss edib və Əli Kərimlinin evində aparılan çəkiliş olan yaddaş kartını avtomobilin motor hissəsində gizlətdiyi yerdən çıxarıb kameraya taxıb.
“Çünki, həm də çəkiliş etməyə başqa yaddaş kartım yox idi,” reportyor qeyd edib.
O ehtimal edir ki, Neft Şirkətinin əməkdaşları tərəfindən təztiqə məruz qalıb.
“Bunlar ehtimaldır. Ola bilər ki, məni izləyiblər, bir-brini məlumatlandırıblar. Ola da bilər ki, sırf neft şirkətinin əməkdaşları olub. Çünki həmin ərazilərdə qabaqlar da çəkilişlər aparmışdım. Onlar mənə dedilər ki, burada çox çəkiliş aparıbsan, avadanlığını yığışdır buradan get. Sadəcə mən inadkarlıq etdim. Bundan sonra mübahisə yarandı. Bəlkə də avadanlığımı yığışdırsaydım, mübahisə də yaranmazdı. Yenə deyirəm, bunların hamısı ehtimaldır,” o qeyd edib.
Teymur Kərimov bu gün başına gələnlərlə bağlı polisə şikayət edəcəyini və həkim müayinəsindən keçəcəyini bildirib.
Rəsmi qurumlar jurnalistin başına gələnlərlə bağlı hələ məlumat yaymayıb.