Hesabat: Korrupsiyaya qarşı mübarizədə durğunluq müşahidə edilir

Antikorrupsiya təşkilatının çərşənbə axşamı açıqladığı hərtərəfli araşdırmaya əsasən, əksər ölkələr son on ildə korrupsiya səviyyəsinin aşağı salınmasında çox az və ya heç bir irəliləyiş əldə etməyib və hökumət orqanlarının COVID-19 pandemiyasına reaksiyası bir çox yerlərdə hesabatlılığa təsir göstərib.

Transparency İnternational təşkilatının ekspertlər və iş adamları tərəfindən dövlət sektorunda korrupsiya ilə bağlı qiymətləndirmələrini ölçən 2021-ci il Korrupsiyanı Qavrama İndeksi hesabatı müəyyən edib ki, “hüquqlar, nəzarət və tarazlıq təkcə sistemli korrupsiyanın və zəif institutların olduğu ölkələrdə deyil, həm də demokratiyanın formalaşdığı dövlətlər arasında getdikcə daha çox pozulur”.

Ötən il ərzində digər problemlərlə yanaşı, hesabatda bütün dünyada insan haqları fəallarının, jurnalistlərin və siyasətçilərin təqib edilməsi ilə əlaqəli olan Pegasus proqram təminatından istifadə qeyd edilib.

Hesabatda deyilir ki, pandemiyadan "bir çox ölkədə əsas azadlıqları məhdudlaşdırmaq və mühüm nəzarət və balansdan yayınmaq üçün bəhanə kimi istifadə edilib".

Qurum bildirib ki, ümumilikdə ən yaxşı göstəricilərə malik region olan Qərbi Avropada pandemiya ölkələrdə "hesabatlılıq və şəffaflıq tədbirlərinin ya kölgədə qaldığı və ya hətta keçirilmədiyi halda korrupsiyaya qarşı mübarizə səylərində arxayınlıq yaradıb". Bəzi Asiya ölkələrində COVID-19-dan "tənqidi boğmaq üçün də bəhanə kimi istifadə edildiyini" qeyd olunub. Təşkilat bəzi ölkələrdə rəqəmsal nəzarətin artmasına, digərlərində isə avtoritar yanaşmalara işarə edib..

Hesabatda ölkələr 0-dan 100-də qədər bala əsasən, "yüksək korrupsiya"-dan "çox təmiz"-ə ya qədər sıralanır. Danimarka, Yeni Zelandiya və Finlandiya hər biri 88 xalla birinci yerdədir; bu iki ölkədə dəyişiklik olmayıb, Finlandiya isə üç xal qazanıb. İlk 10-luğu Norveç, Sinqapur, İsveç, İsveçrə, Niderland, Lüksemburq və Almaniya tamamlayıb. Böyük Britaniya 78 balla 11-ci yerdədir.

Son illər geriləyərək 2020-ci ildə 67 bal toplayan ABŞ bu dəfə bu balı saxlayıb, lakin bir neçə pillə geriləyərək 27-ci olub. Təşkilat bildirib ki, ABŞ “azad və ədalətli seçkilərə davamlı hücumlar və seçki kampaniyaları qeyri-şəffaf maliyyə sistemi ilə üzləşdiyi üçün” ilk dəfə olaraq ilk 25-likdən kənarda qalıb.

Qrup bildirib ki, üç bal enib 74 bal toplamaqla iki pillə geriləyərək 13-cü yerdə qərarlaşan Kanada "biznesdə rüşvət və korrupsiya risklərinin artdığını müşahidə edir". Hesabatda qeyd edilir ki, Pandora Sənədlərinin açıqlanması Kanadanı “regionda və dünyada transmilli korrupsiyaya təkan verən qeyri-qanuni maliyyə axınları üçün mərkəz” kimi göstərib.

Korrupsiyanı Qavrama İndeksi hesabatı 180 ölkə və ərazini qiymətləndirir. Cənubi Sudan 11 xalla sonuncu yerdə göstərilir; Ölkənin 2020-ci ildə sonuncu yeri bölüşdüyü Somali bu dəfə 13 xalla Suriya ilə ikinci yerdədir. Bunun ardınca 14 xalla Venesuela gəlir, daha sonra Yəmən, Şimali Koreya və Əfqanıstanın hər biri 16 bal toplayıb.

Transparency bildirib ki, son 10 ildə sorğu apardığı ölkələrin 86%-də korrupsiyaya nəzarət dayanıb və ya pisləşib. Bu müddət ərzində ABŞ, Kanada, Macarıstan və Polşa da daxil olmaqla 23 ölkədə indeks əhəmiyyətli dərəcədə azalıb, 25 ölkə isə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bunlara Estoniya, Seyşel adaları və Ermənistan daxildir.

İndeks 1995-ci ildən tərtib edilir və iş adamları və ölkə ekspertləri tərəfindən dövlət sektorunda korrupsiyanın qavranılmasını əks etdirən 13 müxtəlif məlumat mənbəyindən istifadə edilməklə hesablanır. Mənbələrə Dünya Bankı, Dünya İqtisadi Forumu və özəl risk və konsaltinq şirkətləri daxildir.