Prezident İlham Əliyev sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama görə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq.
Prezident Əliyev iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb.
Konstitusiya Məhkəməsi iyulun 25-də Referendum Aktının layihəsinə müsbət rəy verib.
Layihədə prezidentlik müddətinin 7 ilədək artırılması, prezident tərəfindən birinci vitse-prezident və vitse-prezidentlik institutlarının yaradılması, prezident səlahiyyətlərini icra edə bilmədikdə onun vəzifəsinin icrasının birinci vitse-prezidentə verilməsi, prezident və deputatlığa namizədlər üçün yaş həddinin aradan qaldırılması, prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi, vətəndaşların mülkiyyət hüququndan, vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı müddəalar əksini tapıb.