REAL hərəkatı İlqar Məmmədova qarşı qanunsuz hərəkətləri pisləyir

İlqar Məmmədov

REAL hesab edir ki, Məmmədova qarşı irəli sürülən yeni ittiham siyasi hakimiyyətin əsas rəqibinə qarşı qərəzli mövqeyindən irəli gəlir
Respublikaçı Alternativ Hərəkatı (ReAL) qurumun sədri İlqar Məmmədova qarşı yeni ittihamın irəli sürülməsi ilə bağlı bəyanat yayıb. Sənəddə Azərbaycan hakimiyyətinin İ.Məmmədova qarşı qeyri- qanuni hərəkətləri pislənilir.

Bəyanatda deyilir ki, mayın 1-də ReAL-ın lideri, prezidentliyə namizədliyə iddialı İlqar Məmmədova qarşı yeni əsassız və qanunsuz ittiham irəli sürülüb.

Belə ki, bundan əvvəl Cinayət Məcəlləsinin 233 (ictimai asayişi pozma) və 315.2-ci (həyat və sağlamlıq üçün təhlükə doğuran güc tətbiq etməklə polisə müqavimət) maddələri ilə ittiham olunan İ.Məmmədova qarşı CM-in 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

REAL hərəkatı hesab edir ki, İ.Məmmədova qarşı irəli sürülən yeni ittiham bundan əvvəlki ittihamlar kimi şər və böhtan üzərində qurulub, siyasi hakimiyyətin öz əsas rəqibinə qarşı qərəzli mövqeyindən irəli gəlir.

“Biz yeni ittihamı prezidentliyə namizəd və İlham Əliyevin real alternativi hesab olunan İ.Məmmədovun və onun sədrlik etdiyi Hərəkatın siyasi fəaliyyətinə qarşı təzyiq vasitəsi kimi qiymətləndiririk. Qeyri-qanuni qərarı ilə ölkə rəhbərliyi cari ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinin şəffaflığını və rəqabətli mühitdə keçəcəyini bir daha şübhə altına saldı”, sənəddə bildirilir.

Eyni zamanda son ittihamın Avropa İnsan Haqları Məhkəməsinin İ.Məmmədovun həbsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə kommunikasiyaya başlamasına qərar verdikdən sonra irəli sürülməsi məsələnin sırf siyasi sifariş əsasında qurulmasının, Azərbaycan hakimiyyətinin siyasi plüralizmə, fikir ayrılığına və rəqabətə qarşı dözümsüzlüyünün bariz nümunəsidir.

Respublikaçı Alternativ Hərəkatı hesab edir ki, Avropa İnsan Haqları Məhkəməsinin İ.Məmmədovun işi ilə bağlı çıxardığı qərar operativlik baxımından Avropa Məhkəməsinin tarixində çox az rast gəlinən praktika olduğundan Azərbaycan hakimiyyəti üçün gözlənilməz olub və hakimiyyəti bir daha qeyri-qanuni və ölkə imicinə xələl gətirən yeni ittiham uydurmağa vadar edib, bəyanatda qeyd edilir.

İlqar Məmmədov yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

Fevralın 4-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Sonra həbs müddəti daha 2 aylığa uzadılıb.

İlqar Məmmədov beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınıb.

Avropa İnsan hüquqları Məhkəməsi Məmmədovun şikayəti üzrə vaxtından əvvəl (bu il aprelin 9-dan) kommunikasiyaya başlayıb. Avropanın ali məhkəmə instansiyası Azərbaycan hökumətinə bu iş üzrə bir sıra suallar göndərib. Bakı iyunun 18-nə qədər Strasburqa cavab verməlidir.