RATİ-nin ofisindən kompüterlər, yüzlərlə disk, kaset, çoxsaylı sənədlər götürülüb

RATI-nin ofisində axtarış

RATİ-nin direktoru Emin Hüseynovun taleyi qaranlıq olaraq qalır

Avqustun 8-də Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində prokurorluğun apardığı axtarış 7 saatadək davam edib. Axtarışa Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin yerli və xarici QHT-lərlə bağlı qaldırılmış cinayət işi üzrə istintaq qrupuna Vergilər Nazirliyindən daxil olan müstəntiq İqbal Hüseynov rəhbərlik edib. Axtarış qrupunda prokurorluğun müstəntiqi, Bakı Baş Polis İdarəsinin əməkdaşları da daxil olub. RATİ-nin ofisindən öncə isə Emin Hüseynovun qeydiyyatda olduğu ata evində axtarış həyata keçirilib.

Xatırladaq ki, bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə çoxsaylı ev və ofislərdə axtarış aparılıb. Çoxsaylı QHT-lərin və fiziki şəxslərin bank hesablarına həbs qoyulub. Artıq 4 nəfər QHT fəalı həbs edilib.

RATI-nin ofisində axtarış

“Dünən axtarış zamanı RATİ-nin ofisindən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox kaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər, - qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb. Emin Hüseynovun ata evindən isə anasına məxsus kompüter, planşet və bir neçə sənəd götürülüb. Axtarış aparanlar hətta dəmir şkafı sındırdı”, RATİ-nin nümayəndəsi Günay İsmayılova Turana bildirib.

Onun sözlərinə görə ofisin ikinci mərtəbəsində axtarış barədə qərar olub, ancaq birinci mərtəbədə axtarış qanunsuz aparılıb. “Birinci mərtəbədə axtarış barədə qərar yox idi, müstəntiq də yazılı qərara təqdim etmədi”, o qeyd edib.

İsmayılovanın dediyinə görə RATİ-nin direktoru Emin Hüseynovun taleyi qaranlıq olaraq qalır. “Artıq ikinci gündür ki, Emin Hüseynovdan xəbər yoxdur. O telefonuna cavab vermir. Axtarış aparan müstəntiqlər də onun barəsində bir kəlmə soruşmadılar. Mən ofisin rəhbərinin iştirakının vacibliyini onlara xatırlatdım. Axtarışa rəhbərlik edən Emin Hüseynovun iştirakının vacib olmadığını dedi”, İsmayılova bildirib.