RATI: Prezident seçkiləri ifadə azadlığının geniş pozuntusu ilə müşayiət olunub

RATİ_logo

“Azərbaycan hökuməti vətəndaşların öz fikirlərini sərbəst ifadə etmək və seçki zamanı sərbəst seçim etmək hüququnu təmin etməlidir.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ)
bəyanatında deyilir.

RATİ hesab edir ki, Azərbaycan vətəndaşlarının prezident seçkilərində iştirak etdiyi bu həftə ərzində baş vermiş sosial medianın fəaliyyətini pozmaq, məzmunun filtrasiyası, teleradio yayımı qanunun pozulması və bəzi hallarda jurnalistlərin fəaliyyətinə müdaxilə cəhdləri hakim rejimin seçki saxtakarlığı iddialarını və tənqidi fikirləri boğmaq istəyinin göstəricisidir.

RATİ ənənəvi mediada siyasi plüralizmin olmamasını təəssüflə qeyd edərək yerli və beynəlxalq standartların aşağıdakı mühüm pozuntularından xüsusi narahatlığını bildirib.

Mərkəzi Seçki Komissiyası seçkinin ilkin nəticələrini açıqladıqdan bir saat belə keçməmiş hazırkı prezidentin Azərbaycan xalqına müraciətinin efirdə verilməsi, lakin ikinci namizəd Cəmil Həsənlinin fikrinin efirdə yayımlanmaması Televiziya və Radio Yayımı haqqında qanunun pozuntusudur.

Bununla belə RATİ adı çəkilən qanunun 3, 7-ci və 40-cı maddəsinin pozunutusu önə çəkiblər.

Eyni zamanda əvvəllər Azərbaycan hökumətinə qarşı tənqidi mövqe nümayiş etdirmiş xarici jurnalistlərin seçkini işıqlandırmaq üçün Azərbaycana gəlməsinə imkan verilməyib.

BMT, Avropa Şurası və ATƏT-ə üzvlüyü çərçivəsində əsas beynəlxalq və regional insan hüquqları sənədlərinə qoşulmaqla Azərbaycan öz üzərinə ifadə və informasiya azadlıqlarını qorumaq öhdəliyi götürüb.

RATİ təəssüflə bildirir ki, seçkiqabağı dövrdə bu hüquqların heç biri təmin olunmayıb və bu hüquqların məhdudlaşdırılması bütün namizədlərə bərabər rəqabət şəraitinin yaradılmasına imkan verməyib.

Seçki öncəsi jurnalistlərə qarşı fiziki hücumlar pislənir.

RATİ hökuməti sərbəst toplaşmaq, birləşmək və söz azadlığına hörmət etməyə çağırır. Təşkilat Azərbaycan hökumətindən söz azadlığının və informasiyanın sərbəst axınının təmin olunmasını və ifadə azadlığını həyata keçirdiklərinə görə həbs olunmuş şəxslərin azad olunmasını tələb edir.

RATİ Azərbaycan hökumətini

Gələcəkdə seçkilərin, habelə digər beynəlxalq və yerli tədbirlərin işıqlandırılması üçün yerli və xarici jurnalistlərin ölkəyə gəlməsinə və onların ölkədə sərbəst hərəkətinə şərait yaradılmasına,

Bütün namizədlərin sərbəst və müstəqil olaraq mediaya bərabər çatımını təmin etməyə;

Seçkidən əvvəl və sonra bütün kommunikasiya vasitələrində, xüsusilə də internetdə informasiyanın sərbəst axınına şərait yaradılmasına;

Azərbaycanın ictimai yayımçısı olan İctimai TV-nin beynəlxalq ictimai yayımın standartlarına əməl edərək, əhalinin bütün təbəqələri üçün balanslaşdırılmış və müxtəlif proqramlar yayımlamasını təmin etməyə;

Bütün media vasitələrinin, xüsusilə də milli yayım mediasının öz fəaliyyətlərində müstəqil və tərəfsiz olmasını təmin etmək üçün mediaya sahiblik strukturlarında şəffaflıq yaratmağa çağırır.

"Biz həmçinin Avropa Şurası, ATƏT və BMT-yə üzv dövlətlərin liderlərini Azərbaycanın bu təşkilatların məsul üzvü olaraq onların prinsiplərinə, həmçinin informasiyaya çatımlılığı, insanların bilmək hüququnu, demokratik dəyərləri və insan haqlarını təşviq edən digər beynəlxalq sənədlərə sadiqliyini təmin etməyə çağırırıq", sənəddə qeyd edilir.

RATİ Avropa İttifaqını daha çox siyasi və iqtisadi inteqrasiyanın qarşılığında Azərbaycan üçün konkret standartlar tətbiq etməyə çağırır.