“Sosial şəbəkələrdə siyasi məhbuslara azadlıq tələb edən #hamısınıAZADet #freethemALL kampaniyasına qoşulanların sayı yüzlərlədir və artmaqda davam edir.”
Bu barədə aprelin 9-da Strasburqda Avropa Şurasının Parlament Asambleyasının (AŞPA) sessiyası çərçivəsində dinləmələrdə iştirak edəcək hüquq müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində bildirib.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, kampaniya çərçivəsində işlər iki istiqamətdə həyata keçirilir.
“Birinci, iki müraciət hazırlamışıq. Baş prokurora jurnalistlər Əfqan Muxtarlı və Elçin İsmayıllının azadlığa buraxılmasına çağıran müraciət hazırlamışıq. Bu müraciəti sosial şəbəkələrdə yayırıq, həm fiziki şəxslərin imzasını toplayırıq, həm də on-layn imzalar toplayırıq. İkinci müraciətimiz isə Penitensiar Xidmətədir. Çünki təxminən otuza yaxın siyasi məhbusun, saxta yolla olsa da, təyin edilmiş cəzasının bitməsinə az qalır. Penitensiar Xidmətdə məhbusların vaxtından əvvəl azad etmə institutunun tətbiqi ilə bağlı bir komissiya var. Biz müraciət edirik ki, bu komissiyadan da istifadə edilərək siyasi məhbuslar azadlığa buraxılsın,”o qeyd edib.
Cəfərov deyib ki, kampaniya çərçivəsində siyasi məhbusların hansı yollarla azadlığa buraxılmasının mexanizmlərini də hökumətə xatırladırlar.
İkinci istiqamət isə video müraciətlərin yayılmasıdır. Onun sözlərinə görə, yaxın günlərdə sosial şəbəkə iştirakçılarının video müraciətlərinin yayımlanmasına başlayacaqlar.
Onun sözlərinə görə, aprelin 9-da Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi, Hüquqi Məsələlər və İnsan Haqları Komitəsi Azərbaycanda siyasi məhbuslarla bağlı açıq dinləmələr keçirəcək.
Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin sədri, İslandiyadan olan deputat Torhildur Sunna Eyvarsdottir həm də Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçidir.
Bu dinləmələr uzun müddətdir bir problemə çevirilən, ölkənin və cəmiyyətin maraqlarına böyük zərbə olan siyasi məhbus probleminin həlli istiqamətində bəlkə yaxşı bir imkan ola bilər.Rəsul Cəfərov, hüquq müdafiəçisi
“Dinləmələr siyasi məhbuslar üzrə məruzəçinin məlumatlandırılması və məsələnin ictimai müzakirəsinin təşkili kontekstində keçirilir,” o qeyd edib.
Dinləmələrdə Rəsul Cəfərov, “Sülh və Demokratiya” İnstitutunun direktoru, hazırda mühacirətdə olan Leyla Yunus və REAL Partiyasının sədri İlqar Məmmədov (SKYPE vasitəsi ilə) çıxış edəcək. Bununla yanaşı, Azərbaycanın rəsmi mövqeyi ilə bağlı Azərbaycan Milli Məclisinin AŞPA-da daimi nümayəndə heyətinin üzvü çıxış edəcək.
“Bu dinləmələr uzun müddətdir bir problemə çevirilən, ölkənin və cəmiyyətin maraqlarına böyük zərbə olan siyasi məhbus probleminin həlli istiqamətində bəlkə yaxşı bir imkan ola bilər. Mənim əsas çağırışım ondan ibarət olacaq ki, həbsdə qalan 70 nəfər siyasi məhbus da hüquqi mexanizmlərdən istifadə edilərək, siyasi iradə nümayiş etdirilərək azadlığa buraxılmalıdır,” o qeyd edib.
Onun fikrincə, siyasi məhbusların azad edilməsi Avropa Birliyi ilə imzalanacaq müqavilə ərəfəsində xüsusilə vacib və çox əhəmiyyətlidir.
“Elə işlər də var ki, məsələn, “Gəncə işi” (2018-ci ilin iyulunda Gəncədə iki yüksək vəzifəli polis zabitinin öldürülməsi və iki şəxsin yaralanması ilə baş verən insidentlər nəticəsində həbs edilənlərin cinayət işi -red) kimi, 2016-cı il aprel döyüşlərindən sonra Tərtərdə və digər cəbhəyanı zonalarda hərbçilərin guya vətənə xəyanət ittihamı ilə həbs olunması və onların ətrafında gedən işlər və həbs olunanların işi siyasi motivli işlər kimi görünür. İkinci çağırışımız ondan ibarət olacaq ki, bu işlərə diqqətlə yanaşılsın və məhkəmələrdə işlərə “dırnaqarası” deyil, ciddi baxılsın. Bununla da Azərbaycanda siyasi məhbusların sayının artmasının qarşısı vaxtında alınsın,” hüquq müdafiəçisi qeyd edib.