Jurnalistin ölümü ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi davam edib [Video]

Your browser doesn’t support HTML5

Bu gün təqsirləndirilən şəxs və Rasim Əliyevin anası sərbəst ifadə verib

Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinənlərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist xəstəxanaya yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Faktla bağlı qaldırılan cinayət işi üzrə Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

Cavid Hüseynov Qəbələ futbol komandasının hücumçusudur. Jurnalistlə insident Hüseynovla bağlı Facebook səhifəsində tənqidi status yazdıqdan sonra baş verib.

Zərərçəkmiş tərəfin vəkili Fariz Namazlı bildirib ki, təqsirləndirilən Samir Mustafayev sərbəst ifadə verib.

Samir Mustafayev ibtidai istintaqda dediklərindən imtina edib. O, jurnalistin döyüldüyü əraziyə çay içmək üçün gəldiyini, Rasim Əliyevin döyüləcəyindən xəbərsiz olduğunu bildirib.

Rasim Əliyevin anası Teyfurə Əliyeva isə sərbəst ifadəsində deyib ki, hadisə baş verən gün Cavid Hüseynov və onun bibisi oğlu Elşən İsmayılov Rasimə bir neçə dəfə zəng ediblər. Sonra isə Rasimi aldadıb çağırıblar və orada döyüblər.

T. Əliyeva deyib ki, Rasim Əliyev xəstəxanada olarkən futbolçu Cavid Hüseynov klubun meneceri ilə onun yanına gəlib.

Ana oğlunun ölümündə həkimlərin də günahkar olduğunu və onların istintaqa cəlb edilməsi və ağır cəza verilməsini məhkəmədən xahiş edib.

Məkəmə prosesi yanvarın 26-da davam etdiriləcək.