Rəqqada ABŞ-ın başçılıq etdiyi koalisiyasının hava zərbələri nəticəsində 29 dinc sakin ölüb

Rəqqanı İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasından azad etməyə çalışan ABŞ-ın başçılıq etdiyi koalisiyasının hava zərbələri nəticəsində 29 dinc sakin ölüb. Onların 14-ü uşaq olub.

Suriya İnsan Haqları Təşkilatının avqustun 8-də bildirdiyinə görə, ölənlərdən 14-ü bir ailənin üzvləridir.

Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya ittihama hələlik cavab verməyib. Koalisiya indiyədək bildirib ki, dinc sakinlərin öldürülməməsi üçün fövqəladə cəhdlər edir və belə ölüm hallarını araşdırır.

Koalisiya ötən ay bildirmişdi ki, 2014-cü ildə İraq və Suriyada əməliyyatlara başlayandan azı 600 dinc sakin həlak olub. Ancaq insan haqları qrupları bu göstəricinin daha yüksək olduğunu deyirlər.

Suriya kürdləri və ərəblərinin alyansı olan Suriya Demokratik Qüvvələri iyunda Rəqqanı geri almaqdan ötrü hücuma başlayıblar. ABŞ koalisiyası isə alyansa hava zərbələri və artilleriya dəstəyi ilə kömək edir.

BMT Rəqqada 50 minədək dinc sakinin qaldığını bildirir.