ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri Rəqqada İŞİD-lə mübarizədə irəliləyiş əldə edir.
Amerikanın rəhbərlik etdiyi koalisya şəhərdə təsis edilmiş Mülki Şuraya yardımlarını artırıb.
Koalisya qüvvələrinin komandir müavini, britaniyalı general-mayor Rupert Cons şura üzvləri ilə görüşərək, İŞİD-in məğlubiyyətindən sonra işlərin davam etdiriləcəyindən əmin olub.
Növbəti addım azad edilmiş ərazilərdə sabitliyin bərpası və bu ərazilərə humanitar yardım çatdırmaqdan ibarətdir.
"Mosul kimi Rəqqanın da İŞİD-dən azad edilməsi son iş olmayacaq. Proses indi başlayır. Rəqqa əhalisi ciddi travmalar alıb. Bizim Mülki Şura ilə müzakirə etdiyimiz məsələ məhz bu olub”- deyə, general-mayor bildirib.
Görüşdən sonra təşkil edilən mətbuat konfransında Cons deyib ki, koalisiya müvəqqəti şura ilə əməkdaşlıq edəcək.
Rəqqanın Mülki Qurumunun əsasən ərəblər olmaqla, 120 üzvü var. Onlar arasında türkmənlər və kürdləri təmsil edən nümayəndələr də yer alır.
Görüşdən əvvəl SDF Rəqqada koalisyanın havadan yardımı ilə İŞİD-in mövqelərini dağıdıb.
Rəqqada hələ də 2 mindən artıq İŞİD yaraqlısının qaldığı ehtimal edilir. Onların əksəriyyəti Yaxın Şərq, Şimali Afrika və Mərkəzi Asiya dövlətlərindəndir.
Qrup gələn bir neçə həftə ərzində məhv edilsə belə, onun İraq və Suriyada 13 minə yaxın yaraqlısı qalacaq. Onların gələcəyə hədə olduqları narahatlqılara yol açıb.
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) şəhərin qədim hissəsini nəzarət altında saxlayır.
Birləşmiş Ştatlar İraqa humanitar yardım məqsədilə 119 milyon dollar göndərəcəyini bildirib. 2014-cü ildən bu günə qədər isə Birləşmiş Ştatlar İraqa 1.4 milyarddan çox dollar göndərib.
Ekspertlər xarici döyüşçü axınının və ekstremist təbliğatının qarşısını almaq üçün əlavə resursların gərək olacağını deyirlər.