İraq parlamentinin səkkiz aylıq çəkişmələrdən sonra birlik hökuməti yaratmaq barədə razılığı təsdiq edəcəyi gözlənilir. İraqın ali rəsmiləri uzun sürən danışıqlardan sonra çərşənbə günü baş nazir Nuri əl-Malikini növbəti 4 il hakimiyyətdə saxlamağa razı olublar. Cənab Malikinin əsas opponenti - Sünnilərin dəstəklədiyi İraqiyyə koalisiyası parlamentin spikeri postunu qəbul etməyə razılıq verib. Martın 7-də keçirilən parlament seçkilərində İraqiyyə ən çox yerləri qazanıb, lakin koalisiya qurmaq üçün başqa partiyalardan dəstək ala bilməyib. Razılığa əsasən kürd lider Cəlal Talabani prezident vəzifəsində qalacaq. İraqiyyə koalisiyasının rəhbəri və sabiq baş nazir Ayad Ələvi milli təhlükəsizlik siyasətini müəyyənləşdirəcək yeni komitəyə rəhbər olacaq.