İran qanunvericiləri dünən İranın bəzi şəhərlərində hökumət əleyhinə yürüşlər təşkil etdiyinə görə, müxalifət liderlərinin ölüm hökmünə məhkum olunmasını tələb edirlər.
Mühafizəkar qanunvericilər bildirib ki, müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi cəzası edam olan xəyanatkarlıqda ittiham olunmalıdır. İranın dövlət mediasının verdiyi məlumata görə, 220 qanunverici müxalifət liderlərinin ittiham olunmasına çağıran bəyanat açıqlayıb.
Dövlət televiziyası qanunvericilərin "Kərrubiyə ölüm", "Musəviyə ölüm" şüarları səsləndirdiyi video nümayiş etdirib. Bəzi müxalif veb saytlar polis rəisinin müavini Əhməd Rza Radana istinadən bildirib ki, ən azı 150 nəfər nəzarət altına alınıb.
- - - - - - - - - -
İran müxalifətinin verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri Tehranda ərəb ölkələrində avtoritar hökumətlərə qarşı baş qaldırmış üsyanları dəstəkləmək məqsədilə keçirilən yürüşlərdə yüzlərlə hökumət əleyhdarını həbs ediblər.
Müxalifət lideri Mir Hüseyn Musəvinin vebsaytı bildirir ki, dünən hökumətin qadağalarına riayət etməyərək minlərlə insanın keçirdiyi nümayiş zamanı yüzlərlə etirazçının saxlanılması barədə təsdiq olunmayan xəbərlər var. Nəzarət altına alınanların sayı barədə rəsmi məlumat verilmir.
İranın yarı-rəsmi Fars xəbər agentliyi bildirir ki, nümayişçilər arasından bəzi xəyanətkarlar kənardan hadisələri izləyənlərə odlu silahdan atəş açaraq bir nəfərin həyatına son qoyub. Əlavə bir neçə nəfərin isə yaralandığı bildirilir. Digər rəsmi media vasitələri isə hökumət tərəfdarlarının küçələrə çıxmasından sonra müxalifətin yürüşünün sona çatdığını bildirib.