İranda həbs edilən azərbaycanlı şairlərdən xəbər yoxdur

Gənc şairlərin taleyi barədə rəsmi Tehran məlumat vermir

İranda naməlum şəxslər tərəfindən həbs edilmiş Azərbaycan vətəndaşları olan iki gənc şairdən xəbər yoxdur.

İran tərəfi Azərbaycanın Təbrizdəki baş konsulluğunun gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Geraninin taleyi ilə bağlı rəsmi sorğusuna hələ cavab verməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, Azərbaycanın Təbrizdəki baş konsulluğu İran Xarici İşlər Nazirliyinə Fərid Hüseyn və Şəhriyar del Gerani taleyi ilə bağlı məlumat verilməsi barədə rəsmi müraciət edib. “Baş konsulluğumuz Fərid Hüseyn və Şəhriyar del Gerani adlı Azərbaycan vətəndaşlarının İranda həbs olunub-olunmadıqları, saxlandıqları yer və nədə günahlandırıldıqları barədə suallara cavab verilməsini xahiş edib. Müraciətə hələ cavab verilməyib. Azərbaycan İrandan cavab gözləyir”.

Öz növbəsində, Şəhriyar del Geraninin atası Hacı Mail Hacıyev “Media forum” saytına deyib ki, gənclərdən indiyədək hər hansı məlumat ala bilməyiblər. “Xarici İşlər, Milli Təhlükəsizlik Nazirliklərinə, Yazıçılar Birliyinə müraciət etmişəm. Nazirliklərdən zəng edib deyiblər ki, dövlət qurumları gənclərin işi ilə məşğul olur və məsələ tezliklə müsbət həllini tapacaq. Gənclərin bir neçə günə Azərbaycana qayıdacağı gözlənir”.

Xatırladaq ki, poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani Bakıya qayıtmalı olduqları gün - mayın 2-də İranda həbs olunub. Həbsin motivi bəlli deyil. İran tərəfi bu barədə hər hansı rəsmi açıqlama verməyib.