İranda din azadlıqlarının vəziyyəti İslam inqilabının ilk günlərində olduğundan belə ağırdır

İranda din azadlıqlarının vəziyyəti İslam inqilabının ilk günlərində olduğundan belə ağırdır. ABŞ Konqresi, prezidenti və dövlət katibinin məsləhət şurası olan Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatında deyilir ki, İranda bəhayilər kimi dini azlıqlara qarşı repressiyalar davam edir. İran rejiminin legitimliyini sual altına alan müsəlmanlar belə təqiblər obyektidir. Onlar fiziki hücumlar, həbslər və təzyiqlərə məruz qalır. İran konstitusiyasında hüquqları müdafiə edilən yəhudilər, Assuriya xristianları və zərdüştlər repressiyalarla üzləşir.

Din Azadlığı Komissiyasının hesabatında deyilir ki, 2010-cu ildən bəri təqribən 300 xristian sanksiyasız həbs edilib. Onların bəzilərinə qarşı milli təhlükəsizliyə hədə və islama təhqir kimi ittihamlar irəli sürülüb. Digərləri isə ittihamsız nəzarət altında saxlanılır.

Son aylar İranda xristianlara qarşı təzyiqlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Buna 2010-cu ildə keşiş Yosef Nadarxaninin kafirlik ittihamı ilə ölüm cəzasına məhkum edilməsi səbəb olub. Azadlıq müqabilində dinindən dönmək təklifini rədd edən keşiş hər an edam edilə bilər.

Hesabatda bildirilir ki, İranın yəhudi icması da qorxu mühitində yaşayır. İran hökumətinin anti-semit retorikaları, Holokastın inkar edilməsi buna əsas yaradıb. Zərdüştlər artmaqda olan respessiyalar altındadır.

İran hökumətinin dini etiqadına görə vətəndaşlarını təqib etməsi İran konstitusiyası və ratifikasiya etdiyi beynəlxalq insan hüququları sazişinə ziddir. Amerika İranda din azadlıqları vəziyyətinə dair səsini ucaldır. ABŞ bütün vicdan məhbuslarının azad edilməsi və iranlıların din azadlığı da daxil edilməklə, insan haqları hüququndan tam istifadə etmələrinə şərait yaradılmasına çağırır.