Noyabrın 2-də jurnalistlərə açıqlama verən İran parlamenti seçki qərargahının rəisi Solət Mürtəzəvi parlament seçkisinə 3 siyasi qurumun - Müşarikət Cəbhəsi Partiyası, İslam İnqilab Mücahidlər Təşkilatı və İran Azadlıq Hərəkatının namizəd irəli sürməsinə qadağa qoyulduğunu bildirib.
Parlament seçkisinə qatılmasına qadağa qoyulan hər üç islahatçı siyasi qurum bundan əvvəl ayrı-ayrı vaxtlarda hakimiyyətdə təmsil olunub. İran parlamentinə seçki 2012-ci ilin mart ayında keçiriləcək.
“Media forum” saytının məlumatına görə, Solət Mürtəzəvi deyib: “Daxili İşlər Nazirliyi bu qrupları ləğv olunmuş siyasi cərəyanlar siyahısına salıb. Onların fəaliyyət aparmaq üçün hər hansı lisenziyası yoxdur və İran parlamentinə növbəti seçkiyə qatıla, namizəd irəli sürə bilməyəcəklər”.