İran nüvə sintezinin tədqiqatı üçün 8 milyon dollarlıq fond yaradıb

Mərkəzin rəhbəri Əsgər Sadiqzadə deyib ki, tədqiqat 2 il, reaktorun inşası isə 10 il davam edəcək

İran bildirir ki, ölkə alternativ enerji mənbəyi kimi nüvə sintezinin tədqiqatı üçün 8 milyon dollarlıq fond yaradıb. Nüvə agentliyinin rəhbəri Əli Əkbər Salehinin sözlərinə görə, eksperimental nüvə sintezi reaktorunun hazırlanması üzərində 50 mütəxəssis iş aparacaq. İranın yeni nüvə sintezi araşdırma mərkəzinin rəhbəri Əsgər Sadiqzadə deyib ki, tədqiqat 2 il, reaktorun inşası isə 10 il davam edəcək. Nüvə sintezi elə bir prosesdir ki, orada hidrogen kimi yüngül atom hissəcikləri birləşərək ağır hissəciklər əmələ gətirir, həmin proses isə böyük həcmdə enerji buraxır. Buna baxmayaraq, bu növ atom reaksiyası elektrik enerjisi üçün heç vaxt uğurla həyata keçirilməyib.