İran nüvə danışıqlarını tərk etməklə hədələyir

İran prezidenti Mahmud Əhmədinejad xəbərdarlıq edib ki, İrana qarşı yeni beynəlxalq sanksiyalar ölkənin nüvə proqramı ilə bağlı danışıqlara son qoya bilər

İran prezidenti Mahmud Əhmədinejad xəbərdarlıq edib ki, İrana qarşı yeni beynəlxalq sanksiyalar ölkənin nüvə proqramı ilə bağlı danışıqlara son qoya bilər. İstanbulda keçirilən regional sammit əsnasında çıxış edən prezident Əhmədinejad bildirib ki, əgər ABŞ və onun müttəfiqləri güman edirlərsə ki, onlar İrana sanksiya qoyub, eyni zamanda danışıqlar masası arxasına otura bilərlər, onda “yanılırlar”. BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını məhdudlaşdırmaqdan imtina etməsi ilə bağlı İslam Respublikasına qarşı dördüncü raund sanksiyalar paketi tətbiq etməyə hazırlaşır. Həmçinin İstanbul sammitinə qatılan Rusiya baş naziri Vladimir Putin sanksiyalar barədə “praktiki razılıq” əldə olunduğunu demiş, lakin əlavə etmişdir ki, bu sanksiyalar “ifrat” olmamalı və İranın dinc nüvə texnologiyası inkişaf etdirməsinin qarşısını almamalıdır.