İran deputatı Məkkə ziyarətini boykot edir

İran deputatı Məkkə ziyarətini boykot edir

Parlamentdə mühafizəkar fraksiyanın lideri Məkkə ziyarətinin pullarının şiələri öldürmək üçün istifadə edildiyini deyib.

İran İslam Respublikası parlamentinin deputatı, mühafizəkar fraksiyanın lideri Məhəmməd Tağı Rəhbər ölkə sakinlərini Məkkə ziyarətini boykot etməyə çağırıb.
“Media forum” saytının məlumatına görə, deputat bildirib ki, İran zəvvarları öz pullarını Səudiyyə Ərəbistanında itirir. “Bu pullar isə sonradan Səudiyyə vəhabilərinin şiələri öldürmək üçün istifadə etdiyi silahların alınmasına xərclənir”.
Məhəmməd Tağı Rəhbər son vaxtlar Bəhreyn Krallığında hakimiyyətin etirazları yatırtması zamanı həyata keçirilən repressiyaları nəzərdə tutub. Bəhreyn Krallığı əhalisinin əksəri şiə müsəlmanlardır, amma ölkəyə sünni məzhəbli azlığın nümayəndələri başçılıq edir. Bu ilin fevral ayında Bəhreyndə xüsusilə şiə məzhəbli müsəlmanların iştirakı ilə hökumətə qarşı aksiyalar keçirilib. Martın 15-də Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və martın 14-də Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirməyə başlayıb. Bundan sonra İran tərəfi Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib. Hazırda bu məsələyə görə ərəb ölkələri ilə İran arasında diplomatik gərginlik hökm sürür, bu ölkələrin rəsmilərinin dilindən qarşılıqlı hədələr eşidilir.