İran daxildə istehsal olunmuş urandan istifadə etməyə başlayıb

İran daxildə istehsal olunmuş urandan istifadə etməyə başlayıb

İranın dövlət televiziyası xəbər verir ki, nüvə proqramının başlıca komponenti hesab edilən obyektdə ilk dəfə olaraq ölkə daxilində istehsal olunmuş uran konsentratından istifadə olunacaq. Ekspertlərin uran məhlulundan İsfahandakı emaletmə zavodunda istifadə edəcəyi bildirilir. Bu zavodda 1970-ci illərdə Cənubi Afrikadan alınmış uran emal edilirdi. İranın nüvə enerjisi hasilatının rəhbəri Əli Əkbər Salehi dövlət televiziyasına bildirib ki, son inkişaflar nüvə proqramı üzərində altıtərəfli danışıqların növbəti raundunda İranın əlini gücləndirəcək. O, uran konsentratının hazırlanmasının detallarına varmayıb. Bazar ertəsi Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Katerin Aşton İranın nüvə müzakirəçisi Səid Cəlili ilə Cenevrədə danışıqlar aparacaq. Aşton danışıqlarda P5+1 kimi tanınan qüvvələri təmsil edəcək. Bu, son bir ildə İranla dünya qüdrətləri arasında ilk nüvə danışıqları olacaq.

İranın son açıqlamasına reaksiya verən Ağ Ev İslam Respublikasının məramlarını sual altına alaraq "əlavə narahatlıqların" meydana çıxdığını vurğulayıb. Mayk Hammer bildirib ki, Tehran dünya ictimaiyyətinin narahatlıqlarına cavab verməlidir.