İran Azərbaycana nota verib

İran Azərbaycana nota verib

Oktyabrın 19-da İran əsgəri Azərbaycan-İran sərhədinin pozaraq 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyib. O sərhəd naryadına hücum edib, Bundan sonra Azərbaycan tərəfi silah tətbiq edib.

Oktyabrın 20-də Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan-İran sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası təqdim olunub.
Turan Agentliyinin məlumatına görə, etiraz notasında Azərbaycanın sərhəd qüvvələrinin beynəlxalq qaydalara, iki ölkə arasındakı qarşılıqlı razılaşmalara və dinc yanaşı yaşamaq üsuluna zidd davrandığı bildirilir. İran Azərbaycandan iranlı əsgərin öldürülməsində təqsirli bilinənlərin cəzalandırılması istəyir.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib ki, İranın notası araşdırılır və araşdırma başa çatdıqdan sonra münasibət bildiriləcək.

Xatırladaq ki, oktyabrın 19-da Biləsuvar rayonunda Azərbaycan-İran sərhədi pozulub. Dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb və o sərhəd naryadına hücum edib Bundan sonra Azərbaycan tərəfi silah tətbiq edib və sərhədpozucusu yaralanıb. Sonradan həmin şəxs xəstəxanada ölüb.