Bu gün İranın Zahidan şəhərindəki hücumların qurbanlarının dəfn mərasimində on minlərlə şiə müsəlman iştirak edib. Hadisə ilə bağlı 40 nəfərin nəzarət altına alındığı bildirilir.
Bu arada İran rəsmiləri 27 insanın ölümü, 270 nəfərin yaralanması ilə nəticələnən iki kamikadze hücumuna görə, ABŞ və digər qərb ölkələrini günahlandırıb. Baxmayaraq ki, hücumlar Amerika prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton tərəfindən pislənmiş və hücumun arxasında duranların məsuliyyətə cəlb edilməsinə çağırılmışdı. Bu ittihamlar İranın dövlət tele-radiosunda müxtəlif İran rəsmilərinə istinadən səslənmişdi.
Sünni müsəlman qrupu Cundulla dünən hücumların məsuliyyətini üzərinə götürmüşdü. Tehran ABŞ-ı ölkədə sabitsizlik yaratmaq məqsədi ilə bu qrupu dəstəkləməkdə ittiham edir. Amerika isə bu ittihamları rədd edir.