Ramiz Mehdiyevin yaxınının saxlanıldığı bildirilir

Ramiz Mehdiyev və Eldar Əmirov

Ramiz Mehdiyev və Eldar Əmirov

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məlumatı təsdiq edib.

O bildirib ki, Eldar Əmirov Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb.

“Hazırda araşdırmalar davam etdirilir,” Mətbuat Xidmətinin rəisi qeyd edib.

Yerli media Eldar Əmirovun AMEA prezidentliyindən istefa verdiyni bildirən Ramiz Mehdiyevin qohumu olduğunu və onun Mehdiyevin köməkçisi kimi fəaliyyət göstərdiyini bildirir.

Bu arada, AMEA-nin Mətbuat xidməti Eldar Əmirovun Ramiz Mehdiyevin qohumu olması ilə bağlı yayılan məlumatları təkzib edib.

Qeyri-rəsmi məlumatlara görə, Əmirov fevralın 11-də, cümə günü saxlanılıb.

Ramiz Mehdiyevin istefa verəcəyi ilə bağlı bəyanatı Əmirovun saxlanılmasından bir neçə gün sonraya təsadüf edir. Belə ki, fevralın 14-də, bazar ertəsi AMEA Rəyasət Heyətinin iclasında akademiya prezidenti Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

Bununla yanaşı, Ramiz Mehdiyev son günlər akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərarı verdiyini bildirib.

Son günlər çoxsayı elm adamı və siyasətçilər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevə qarşı irad dolu tənqidlərlə çıxış edərək onu istefaya çağırıb.

Fevralın 10-da Ramiz Mehdiyev Amerikanın Səsinin suallarının cavabında tənqidləri və istefa çağırışlarını qəbul etmədyini bildirib.

“Mən bu şəxslərin nə özlərini, nə də çağırışlarını ciddi qəbul edirəm. Məni bu vəzifəyə AMEA-nın ümumi yığıncağı seçib və cənab Prezident İlham Əliyev də məni bu vəzifəyə təsdiqləyib. Məni istefaya göndərmək səlahiyyəti də ona məxsusdur. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini isə qəbuledilməz sayıram. Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm,” o qeyd edib.