Amerikanın Səsinin studiyasında Nərminə Cəlalqızıdır. Azərbaycan Respblikasının xalq artisti, tarzən Ramiz Guliyev bu yaxınlarda Moskva, ondan sonra da Moldovanın paytaxtı Kişinyov şəhərlərində konsert proqramları ilə çıxış edib. Ramiz müəllim fevral ayının 24-də Qnesinlər adına Rusiya dövlət akademiyasının böyük salonunda Rusiya Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Filarmoniyasının təşəbbüsü ilə “Qafqaz ritmləri və melodiyaları” adlı konsert təşkil edildiyini və onun da bu konsertə dəvət edildiyini dedi.
Ramiz Guliyev çıxışına Vladimir Andropovun dirijorluğu ilə Rusiya Milli Akademik Orkestri başladığını bildirdi. O, Azərbaycan tarının Rusiya milli orkestri ilə ilk dəfə səsləndiyini və böyük müvəffəqiyyət qazandığını dedi.
Ramiz müəllim əvvəlcə Azərbaycanın klassik “Çahargah” muğamını, bundan sonra Hacı Xanməmmədovun tar ilə simfonik orkestr üçün yazdığı konserti ilə “Bayatı-şiraz” muğamını sintez edərək ifa etdiyini dedi. Ramiz Guliyev Rusiya milli orkestri ilə ifasının çox yüksək səviyyədə keçdiyini, tamaşaçıların onu böyük hərarətlə qarşıladıqlarını dedi.
Ramiz Guliyev konsertdə Rusiyanın bir çox məşhur sənət ustaları ilə yanaşı CCR-nin xalq artisti Zurab Sotkilavanın, Rusiyanın xalq artisti Makvala Kaspaşvilinin, eləcə də İtaliyada yaşayan azərbaycanlı müğənni, beynəlxalq müsabiqələr laureatı Yusif Eyvazovun da iştirak etdiklərini bildirdi.
Moldova səfəri barədə danışarkən Ramiz müəllim dedi ki, o və beynəlxalq müsabiqələr laureatı dirijor Eyyub Guliyev Kişinyovda ənənəvi olaraq artıq 45 ildir keçirilən beynəlxalq “Martişor” musiqi festivalına dəvət edilmişdilər. Ramiz Guliyev bu festivalda 20-dən artıq ölkədən məşhur müsiqiçilərinin və kollektivlərin iştirak etdiyini bildirdi. Tarizən Moldova Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış etdiyini dedi və konsertlərinin çox yüksək səviyyədə keçdiyindən danışdı.