Azərbaycan prezidenti müsəlman ölkələrinin səfirləri ilə görüşüb

İlham Əliyev müsəlman ölkələrinin səfirləri ilə görüşüb

İyunun 8-də prezident İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayı artır.

Onun sözlərinə görə, görüş iştirakçılarının təmsil etdiyi ölkələrin Azərbaycan ilə həm ikitərəfli, həm çoxtərəfli formatda əlaqələri qurulub.

“Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə əminəm. Beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq var”.

Dövlət başçısı bu ilin aprelində İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən Zirvə görüşündə bu həmrəyliyin bir daha nümayiş olunduğunu diqqətə çatdıraraq həmin tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənədin qəbul edildiyini, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatının pislənildiyini qeyd edib.

“Biz bu addımları çox yüksək qiymətləndiririk və bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk” - deyən dövlət başçısı bu münaqişənin region üçün böyük təhlükə olduğunu diqqətə çatdıraraq onun fəsadları barədə danışıb.