Səudiyyə Ərəbistanı qadınların ictimai həyatda iştirakına ən ciddi məhdudiyyətlərin qoyulduğu bir ölkədir
25 yaşlı Raha Muharrak dünyanın ən yüksək zirvəsi olan Everesti fəth edən ilk səudiyyəli alpinist qadın kimi adını tarixə yazıb. O, şənbə günü 35 xarici alpinist və onlara bələdçilik edən 29 nepallı ilə Nepal tərəfdən Everest zirvəsinin 8 min 850 metr hündürlüyünə qalxıb.
Everesti fəth etmək arzusunu gerçəkləşdirmək üçün Raha Muharrak bir çox həddi keçməli olub.
Səudiyyə Ərəbistanı qadınların ictimai həyatda iştirakına ən ciddi məhdudiyyətlərin qoyulduğu bir ölkədir. Human Rights Watch təşkilatına əsasən, Səudiyyə Ərəbistanı qızların hökumət məktəblərində idmanla məşğul olmasını qadağan edən yeganə ölkə olaraq qalır. 2012-ci ildə London Olimpiya oyunlarında Səudiyyə Ərəbistanından ilk dəfə olaraq iki qadın idmançı iştirak etmşdi.
Əslən Ciddədən olan Raha Muharrak universitet məzunudur və hazırda Dubayda yaşayır. O həm də Everesti fəth etmiş ən gənc ərəb qadındır.
Everest ekspediyasının üzvləri Nepalda təhsil layihələri üçün 1 milyon dollar vəsait toplanacağına ümid bəsləyir.
Everest zirvəsinə Nepal və Tibetdən qalxmaq mümkündür. May zirvəyə qalxmaq üçün ən münasib vaxt sayılır.