Rabitə nazirliyinin şöbə müdiri hər ay paketdə 6 000 manat alıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu günki prosesdə hakim sabiq Aparat rəhbəri Vidadi Zeynalova ifadə verməyi təklif edib.

Lakin təqsirləndirilən V.Zeynalov hazırkı mərhələdə ifadə verməkdən imtina edib. O, bunu ittihamla tam tanış olmaması ilə əsaslandırıb.

Rabitə Nazirliyinin nümayəndəsi Vüqar Babayev 153 milyon 346 min manatlıq mülki iddianı müdafiə etdiyini və məbləği müştərək qaydada təqsirləndirilən şəxslərin ödəməsini istəyib.

Daha sonra prosesdə şahidlər ifadə verib.

İlk olaraq şahid qismində sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Sübahir Qurbanovun sürücüsü Ramil Əliyev dindirilib.

O, təqsirləndirilən şəxslərdən yalnız Vidadi Zeynalovu tandığını deyib.

Şahidin sözlərinə görə, hazırda həbsdə olan sabiq MTN generalı Sübahir Qurbanovun sürücüsü olub və təqsirləndirilən şəxslərdən yalnız Vidadi Zeynalovu tanıyır.

Onun sözlərinə görə, hər ay Vidadi Zeynalovun yanına gələrək, ondan bağlama paket alıb və Sübahir Qurbanova çatdırıb. Təqsirləndirilən Vidadi Zeynalov da R.Əliyevə pul verdiyini təsdiqləyib.

Şahid qismində ifadə verən Rəqifə Abbasova bildirib ki, nazirliyin Maliyyə Sabitliyi Şurasında şöbə müdiri vəzifəsində çalışıb, əvvəllər hər ay 900 manat, sonralarsa 1100 manat paket alıb.

Digər şahid Mətanət Məmmədova istintaqa verdiyi ifadəni təsdiq edib. O, uzun müddət nazirliyin Plan Maliyyə şöbəsinin müdiri vəzifəsində çalışdığını deyib. Onun sözlərinə görə, 2011- ci illərdə 2300, sonralarsa hər ay 6 min manat paket alıb.

"Nazirliyin fəaliyyəti ilə əlaqədar arayışların, beynəlxalq hesabatların təhlil edilməsi işlərinə baxırdım. 2013-cü illərin ortalarından ayda 6000 manat paket alırdım. Amma, devalivasiyadan sonra bu rəqəm 4700 manata düşdü. Paketi Vidadi Zeynalov mənə verirdi".

Şahid qismində dindirilən Abbas Əhmədov qeyd edib ki, nazirlikdə Bakı Telefon İstehsalat Birliyində Texniki Şöbənin müdiri vəzifəsində çalışıb. O deyib ki, vəzifə təlimatına uyğun olaraq paket almayıb.

Məhkəmə prosesi dekabrın 16-da davam edəcək.