Qərbi Azərbaycanda zəlzələdən zərər çəkən bölgələrə xalq yardımı davam edir

Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur bölgəsində baş verən zəlzələdə xəsarət alan əhaliyə xalqın yardımları davam edir.

Fevralın 23-də səhər saat 9:22-də 5.7 bal gücündə baş verən zəlzələ nəticəsində təxminən 50 kəndə ziyan dəyib. İran mətbuatında verilən məlumata əsasən, zəlzələ nəticəsində kəndlərdə 136 ev və şəhərdə isə 6 ev xəsarət alıb.

SEE ALSO: Xoyda zəlzələ olub - 50 kəndə ziyan dəyib

Amerikanın Səsinin Qotur bölgəsinə xalq yardımlarını çatdıran ictimai fəallardan aldığı məlumata görə, regionda yüksək dağ şəraiti və soyuq olmasına baxmayaraq, dövlət bu bölgəyə sadəcə çadır göndərib və bu kəndlərin əhalisinə hələ müvəqqəti vaqon evlər verilməyib.

Azərbaycanlı ictimai fəallar həmçinin göndərilən çadırlarda bölgəki soyuq hava şəraitində yaşamağın çox çətin olduğuna baxmayaraq, çadırların sayının da yetərsiz olduğunu vurğulayıblar. Əhali Xoy şəhərinə və ya başqa kəndlərdə qohumlarının evlərinə sığınıb.

Xalq yardımlarını zəlzələ bölgələrində kəndlərin əhalisi arasında paylayan fəalların dediklərinə görə, Kotanabad kəndində dağıntıların yığılması üçün buldozer və digər maşınların sayı kifayət deyil.

Baş verən zəlzələdə Türkiyənin Van elinə bağlı kəndlərdə 8 vətəndaş həyatını itirib.