Qəzzafi tərəfdarları Tripolini tərk etməzdən öncə məhbusları edam ediblər

  • Amerikanın səsi

Qəzzafi tərəfdarları Tripolini tərk etməzdən öncə məhbusları edam ediblər

İnsan haqları qrupları Liviya hökumət qüvvələrinin 17 məhbusu öldürməsi və onlarla mülki vətəndaşı arbitrar şəkildə edam etmələrinə dair dəlil olduğunu bildirir. Bu qətllər üsyançıların Tripoliyə doğru irəlilədikləri zaman baş verib.

Human Rights Watch (HRW) təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sarah Leah Wilson deyir ki, məhbusların azad olunmaları ərəfəsində güllələnməsi Liviya hökumətinin “murdar” davranışının göstəricisidir.

Avqustun 26-da HRW Müəmmər Qəzzafinin qərargahı yaxınlığında 18 cəsəd aşkar etmişdi. Şahidlər Liviya hökumət qüvvələrinin bu şəxsləri həftənin əvvəlində edam etdiklərini bildiriblər.

Ölənlərin əlləri arxadan qandallanmış, onlardan ikisinin əynində həkim və tibb bacısı uniforması olmuşdur.

Səhra klinikasının ətrafında əlavə 29 cəsəd aşkar edilib ki, bu, da ərazidə hökumət qüvvələrinin olduğuna dəlalət edir.