Prezident İlham Əliyev öz çıxışlarında tez-tez Azərbaycan Xalq Cəhbəsi hakimiyyətini yarıtmazlıqda suçlayır, bildirir ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkə bəladan qurtardı:
“Biabırçılıq, milli rəzalət dövrü idi bizim üçün. Hakimiyyətə gəlmiş savadsız, səriştsəsiz adamlar öz məsuliyyətini dərk etmədi. Onlar hakimiyyəti yalnız gəlir mənbəyi kimi görürdülər. Əsas məqsədləri varlanmaq, talamaq, oğurlamaq, satmaq idi”.
Azərbaycanda Xalq Cəhbəsi 1992-ci ilin iyunundan 1993-cü ilin iyununa qədər hakimiyyətdə olub. 1993-cü ilin iyununda isə Gəncədə hərbi hissələrdən birində başlayan itaətsizlik AXC hakimiyyətinə son qoydu. O zaman Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyev hakimiyyətə gəldi.Heydər Əliyev bundan əvvəl keçmiş SSRİ Nazirlər Sovetinin birinci müavini, ondan da əvvəl uzun müddət Azərbaycanda təhlükəsizlik orqanlarına rəhbərlik etmişdi. Onun oğlu və indiki prezident İlham Əliyevi Heydər Əliyev ölkənin xilaskarı kimi təqdim etsə də, bir çoxları, müxalifətdə olan opponentlər, xüsusilə də 1992-1993-cü illərdə hakimiyyətdə olan siyasətçilər əksini düşünürlər:
“Biz ağır şəraitdə 3 böyük hədəf uğrunda mübarizə aparırdıq. Müstəqil dövlət qurmaq, demokratik cəmiyyətə keçid və azad iqtisadiyyat qurmaq” – bunu AXC hakimiyyəti dövründə parlamentin sədri olmuş İsa Qəmbər deyir. O hesab edir ki, ötən 27 ildə YAP hakimiyyəti Azərbaycanı daha da geriyə aparıb:
“Biz müstəqil bir dövlət formalaşdırmağa çalışırdıq, amma təəssüf ki, 4 iyun və 15 iyundan sonra baş verən hadisələr müstəqil bir dövlətdən danışmağa imkan vermir. Biz azad, demokratik bir cəmiyyət formalaşdırmaq istəyirdik, Əliyev rejimi ölkədə avtoritar bir rejim yaratdı. Biz azad iqtisadiyyat yaratmaq istəyirdik, bu hakimiyyət isə oliqarxik bir məmur kapitalizmi formalışdırdı. Biz Qarabağı işğaldan azad eləməyə çalışırdıq, bu hakimiyyət isə öz bərbad siyasəti ilə işğal olunmuş əraziləri artırdı”.
Bəs, AXC hakimiyyətinin bir ildə əsas addımları nələr olub:
- Azərbaycanın milli valyutası olan manatın dövriyyəyə buraxılması
- Ali məktəbələrə qəbulda rüşvətə son verən test üsulunun tətbiqi
- Goranboyun Ağcakənd, Ağdərə, Laçın rayonun isə bir hissəsinin işğaldan azad olunması
- NATO standartlarına uyğun yeni ordu quruculuğuna başlanması
- Milli azlıqların dillərində media orqanlarına sahib olmalarına şərait yaradılması
- Azərbaycanda neft yataqlarının istismarına beynəlxalq şirkətlərin dəvət olunması
“İyun qiyamı tək Azərbaycanda milli dövlət quruculuğuna zərbə olmadı, həm də regionun taleyinə təsir edən bir məsələ oldu” - keçmiş prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov bu qənaətdir. O deyir ki, AXC hakimiyyəti devrilməsəydi, daha böyük planlar gerçəkləşdirilə bilərdi. O, Elçibəy hakimiyyətinin belə planlarından birini örnək göstərir:
“Bu, Bakı-Ceyhan xəttinin Araz boyunca, Ermənistandan keçərək, Naxçıvan vasitəsilə Türkiyəyə getməsi planı idi. Bu plan gerçəkləşərdisə, neft kəmərləri ilə yanaşı qaz kəmərləri də keçəcəkdi, burada eyni zamanda dəmiryolu xətti vardı, avtomobil yolu açılırdı. Beynəlxalq kommunikasiya, internet xətləri çəkilirdi. Ən önəmlisi də o idi ki, Azərbaycanın istəklərinə uyğun olaraq bu ərazi beynəlxalq nəzarətə verilirdi. Bu kəmərləri orada beynəlxalq hərbi qüvvələr qoruyacaqdı”.
Oqtay Qasımov deyir ki, bununla da Azərbaycan-Ermənistan arasında ərazi mübahisələri sona yetəcək, ümumilikdə Qafqaz strateji əhəmiyyətli təhlükəsiz bir regiona çevriləcək, Rusiyanın regiona təsir və təzyiqləri zəifləyəcəkdi.AXC hakimiyyəti dövründə rəhbər vəzifələrdə olanlar bildirirlər iyun qiyamı ilə bir çox önəmli planlar yarıda qaldı:
- Demokratik yolla yeni parlamentin formalaşdırılması
- NATO standartlarına uyğun ordunun qurulması
- Neft müqaviləsinin imzalanması
- Qarabağın tam azad edilməsi, Kəlbəcər rayonun geri qaytarılması
- Bakı Ceyhan kəmərinin çəkilişi
İsa Qəmbər deyir ki, iyun qiyamı ilə Azərbaycan üçün olduqca önəmli hədəflərin hamısı yarıda qaldı:
“Bunlardan birinci Dağlıq Qarabağın azad olunması məsələsi idi. 1993-cü ilin yazında, Kəlbəcərin işğalından sonra Azərbaycan hakimiyyətinin ardıcıl fəaliyyəti nəticəsində BMT-də qərarlar qəbul olundu. ABŞ, Türkiyə və Rusiyanın iştirakı ilə 3 tərəfli təşəbbüs qrupu yaradıldı. Bu üç qüvvə birlikdə Qarabağın sülh yolu ilə həlli məsələsini müəyyənləşdirdilər. Bu plan Azərbaycan və Ermənsitan hakimiyyəti, hətta Dağlıq Qarabağdakı separatçılarla da razılaşdırıldı. Plan ondan ibarət idi ki, işğalçı ordu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalmaq şərti ilə münaqişənin yekunlaşmalı idi. Qısaca razılaşdırılan həll planı bundan ibarət idi. 4 iyun qiyamı Elçibəy hakimiyyətinin apardığı bu işi dayandırdı, sonradan isə 6 rayon işğal olundu”.
Oqtay Qasımov isə bildirir ki, Elçibəy hakimiyyətinin apardığı siyasət ardıcıl idi. Onun sözlərinə görə, Azərbaycanın ərazi bötüvlüyü təmin ediləndən sonra Elçibəy hakimiyyəti ölkə daxilində islahatlara başlamağı planlayırdı.
1993-cü ilin payızında yeni demokratik yolla formalaşmış parlament seçkiləri olacaqdı. Ən önəmli addımlardan biri isə artıq neft müqavilələri işə düşəcəkdi:
“1993-cü ilin iyun ayının sonunda prezident Elçibəyin Böyük Britaniyaya səfəri nəzərdə tutulurdu. Burada BP və digər transmilli neft şirkətləri ilə neft müqavilələri imzalanmalı idi. Təəssüf ki, iyun qiyamı buna da imkan vermədi”.
Oqtay Qasımov vurğulayır ki, beynəlxalq neft şirkətləri ilə müqavilələr 2 il sonra 1995-ci ildə imzalandı. Amma bu müqavilə Azərbaycanın xeyrinə deyildi.
Davam edən Epiloq
1992 və 1993-cü ilin iyun ayı arasında olan qısa müddətdə Azərbaycan son dövr tarixinin ən qaynar hadisələrini yaşayıb.
1992-ci il iyunun 7-də milli azadlıq hərəkatının rəhbərlərindən olan Əbülfəz Elçibəy prezident seçilib, iyunun 16-da and içərək səlahiyyətlərinin icrasına başlayıb.
Bir il sonra iyunun 4-də Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə hakimiyyətə qarşı çıxıb.
Bakıya dəvət olunan Heydər Əliyev iyunun 15-də parlamentin sədri seçilib. İyunun 17-də isə Əbülfəz Elçibəy səlahiyyətlərini heç kimə vermədən paytaxtı tərk edərək Naxçıvana, doğulduğu Kələki kəndinə gedib. Üstündən 30 ilə yaxın vaxt keçsə də, həmin iyun olaylarının nə olması, niyə baş verməsi, nəticələri üstündə Azərbaycan cəmiyyətində debatlar, fikir ayrılıqları davam edir.