Azərbaycanda Qurtuluş günüdür

Heydər Əliyev

15 iyun - Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Milli Qurtuluş Günü dövlət bayramıdır, ölkədə iş günü deyil. Parlament hesab edib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıtması ilə qurtuluş əldə edilib.

Belə ki, Rusiyanın təcavüzkar dairələrinə arxalanan Azərbaycandakı qüvvələr 1993-cü ilin iyununda dövlət çevrilişinə cəhd edib. Qiyamçıların əsas məqsədi Xalq Cəbhəsinin qərbyönümlü demokratik hakimiyyətini devirmək və Azərbaycanı Moskvanın təsir dairəsinə qaytarmaq idi. Bu qüvvələr hakimiyyətə gəldikləri halda Azərbaycanın MDB-yə, Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatına (KTSŞ) daxil olmasını təmin etmək, sərhədlərin birgə qorunması sazişinə qoşulmaq, Gəncədə Rusiyanın hərbi bazasının yaradılması sazişini imzalamaq, Qarabağ münaqişəsinin yalnız Rusiyanın vasitəçiliyi ilə tənzimlənməsinə razılaşmaq öhdəliyi götürmüşdülər. Mərkəzi hakimiyyətə təzyiq etmək məqsədilə qiyamçıların mövqeləri erməni hərbi qüvvələrinə təslim etmələri, sonuncuların isə Rusiya hərbi dairələrinin təhrikilə iki aylıq sakitlikdən sonra Qarabağ cəbhəsində bütün istiqamətlər üzrə fəal hərbi əməliyyatlara başlamaları vəziyyəti daha da çətinləşdirirdi. Artıq iyun ayında Ağdam rayonu ermənilərin hərbi nəzarətinə keçdi. Belə halda vətəndaş müharibəsindən qaçmaq və dövlət quruluşunu xilas etmək üçün ölkə prezidenti Əbülfəz Elçibəy və Naxçıvan Ali Məclsinin sədri Heydər Əliyev qiyamçı qüvvələrin və onların himayədarlarının planlarını pozmaq üçün birgə fəaliyyətlərini razılaşdırırlar. 15 iyun 1993-cü ildə Heydər Əliyev parlamentin spikeri seçilir (həmin ilin oktyabrında isə ölkə prezidenti olur). İyunun 17-dən 18-nə keçən gecə Əbülfəz Elçibəy Naxçıvanda doğma Kələki kəndinə qayıdır, Heydər Əliyev isə Azərbaycan prezidenti səlahiyyətlərini icra edən şəxs olur. Sonrakı dövrdə MDB-yə daxil olmaq və “Azəri-Çıraq-Günəşli” neft sazişi üzrə Rusiyanın Lukoyl şirkətinə 10% pay verməklə, hakimiyyət situasiyasını sabitləşdirməyə müvəffəq olur.

Heydər Əliyev ölkənin demokratik qüvvələrinə arxalanaraq, ölkəni Avropa ilə inteqrasiyaya aparır. “Əsrin neft müqaviləsi”, NATO ilə “Sülh naminə Tərfdaşlıq” sazişi imzalanır, Azərbaycan Avropa Şurasının və GUAM-ın üzvü olur. Demokratiya, söz azadlığı, insan haqları, azad iqtisadiyyat sahəsində müxtəlif problemlər olmasına baxmayaraq, bu kurs ümumilikdə dəyişməz olaraq qalır.

Lakin, müşahidəçilər son zamanlar Azərbaycan iqtidarında Rusiyaya meylin yenidən artdığını bildirir. İyunun 12-də Bakıda açılan Birinci Avropa Oyunlarının açılış mərasiminə qərbin aparıcı liderləri qatılmayıb, tribunanın ən parlaq yerində Rusiya prezidenti Vladimir Putin oturub.