Qurban Əzimi: Türkiyə toplumu kürd partiyasının uğurunu müsbət qarşılayır [Audio]

Qurban Əzimi

Amerikanın Səsi ilə söhbətdə iyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrini şərh edən Qurban Əzimi kürd bölgələrində böyük nüfuza malik Xalqların Demokratik Partiyasının (HDP) uğur qazanmasının geniş cəmiyyətdə müsbət qarşılandığını deyir.

Your browser doesn’t support HTML5

Qurban Əzimi Türkiyə seçkilərini şərh edir

Kürd millət vəkilləri Türkiyə tarixində ilk dəfə olaraq 10 faiz səs baryerini aşaraq bir partiya şəklində Türkiyə Böyük Millət Məclisinə mandat alıblar. Yeni məclisdə həmçinin ermənilər üç, romalılar və assurilər isə hərəyə bir millət vəkili ilə təmsil olunacaq.

Güneyli fəal Türkiyədə ilk dəfə baş verən bu olayları və etnik kimlik üzərindən siyasət yürüdən bir partiyanın uğur qazanmasının qonşu ölkələrə təsirlərini dəyərləndirib.

Digər qruplar da HDP-yə verdikləri əmanət oylarla bu partiyanın barajı aşması və seçkiləri qazanmasına yardım etdilər. Buna görə, HDP-nin üzərinə daha artıq sorumluluq düşür, çünki, bu əmanət oylar HDP-nin öz bazasından deyil və onların istəklərini yerinə gətirmək bu partiyanın öhdəliyidir.
Qurban Əzimi

Qurban Əziminin dediklərinə görə, “bu seçkilər çox dəyişik, fərqli və namizədlər baxımından rəngli bir şəkildə keçirildiyi üçün həm ölkə içində, həm də beynəlxalq ictimaiyyətdə diqqətləri cəlb etdi.”

O, bu seçkilərin nəticələrinin hakim partiyanın son neçə ildə yürütdüyü siyasətlərlə əlaqəli olduğunu önə çəkir: “AKP-nin bu son neçə ildə izlədiyi siyasətlər, bu partiya xaricində olan görüşlərin nəzərə alınmaması və məclisdə sahib olduğu əksəriyyətin verdiyi imkanla istədiyi qanunları keçirməsi digər partiyaları çox rahatsız etmişdi.”

Əziminin fikrincə, Türkiyə toplumu HDP-nin parlamentə daxil olması ilə “kürd sorununun” artıq dağdan enib məclisdə ələ alınacağını və bu problemin zamanla və siyasət yoluyla çözüləcəyini ümid edərək yeni durumu müsbət qarşılayır.

HDP-çilərin İstanbulda nümayişi. 8 iyun, 2015.

O, bu prosesdə HDP-yə verilən “əmanət səslərin” rolunu dəyərləndirir:

“Digər qruplar da HDP-yə verdikləri əmanət oylarla bu partiyanın barajı aşması və seçkiləri qazanmasına yardım etdilər. Buna görə, HDP-nin üzərinə daha artıq sorumluluq düşür, çünki, bu əmanət oylar HDP-nin öz bazasından deyil və onların istəklərini yerinə gətirmək bu partiyanın öhdəliyidir. Bunlar partiyanın PKK-dən müstəqil olaraq hərəkət etməsinə səbəb olar, olmasa bu oylar həmin qrupların ana partiyalarına geri dönər və yüzdə 10 baraj götürülmədiyi təqdirdə Xalqların Demokratik Partiyasının yenidən seçilməsi çox çətin olar.”

AKP-nin bu son neçə ildə izlədiyi siyasətlər, bu partiya xaricində olan görüşlərin nəzərdə alınmaması və məclisdə sahib olduğu əksəriyyətin verdiyi imkanla istədiyi qanunları keçirməsi digər partiyaları çox rahatsız etmişdi.
Qurban Əzimi

Qurban Əzimi Milliyyətçi Hərəkət Partiyasının (MHP) da əslində HDP-yə qarşı olmadığnı, fəqət onun PKK-dən müstəqil olaraq fəaliyyət göstərməsini istədiyini ifadə edir.

“MHP bu problemlərin məclis səviyyəsində çözülməsini istəyir. MHP və digər partiyalar bölgədə yaşanan sabitsizliyi görür və bunların Türkiyədəki sabitliyə zərər verməsini istəmirlər. Milliyyətçi Hərəkət Partisi problemin həllini istəyir, amma təbii ki, yolu fərqlidir,” deyə güneyli fəal vurğulayır.

7 iyun seçkilərinin nəticəsinin bölgəyə təsirini dəyərləndirən Əzimi bunu həm demokratiya, həm də etnik qrupların siyasətdə təmsil edilməsi baxımından izah edir.