Güneyli alim, şair, siyasi fəal və Dünya Azərbaycanlıları Konqresinin (DAK) sabiq sədri Qulamrza Səbri Təbrizi martın 8-də Bakıda vəfat edib.
Bu barədə Azərbaycan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı öz sosial media səhifələrində məlumat verib.
“Qulamrza Təbrizi Arazın o tayında da, bu tayında da yaxşı tanınan, toplum arasında hörməti olan, təbiəti etibarı ilə xeyirxah, xoş əməllər üçün doğulmuş bir adam idi,” deyə millət vəkili öz Facebook hesabında paylaşıb.
1934-cü ildə Təbrizdə dünyaya gələn Səbri Təbrizi həmin şəhərdə ali təhsilə başlayıb. O, daha sonra Böyük Britaniyanın Edinburq Universitetində İngilis Dili və Ədəbiyyatı bölümündə doktorluq dərəcəsi alıb. Mərhum Səbri həmçinin bir dönəm həmin universitetdə Fars Dili və Ədəbiyatı mühazirəçisi kimi çalışıb.
Güneyli alim ingilis dilində nəşr etdiyi “İranlı bir uşağın hekayəsi, bir kişinin təcrübəsi” və “Uilyam Bleykin cənnəti və cəhənnəmi” kimi əsərlərdən əlavə türk dilində bir neçə şeir toplusunun müəllifidir.
SEE ALSO: Qulamrza Səbri Təbrizi: Azərbaycanlılar İrana inanmır [Video Müsahibə]Qulamrza Səbri Təbrizi keçən təqribən 25 ildə Avropadakı Azərbaycan diasporasının aktiv nümayəndələrindən biri olub. O, həmin illərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri və Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin rəhbəri kimi fəaliyyət göstərib.