Edinburq Universitetinin doktoru Qulamrza Səbri Təbrizi Amerikanın Səsi radiosuna müsahibəsində İranda yaşayan azərbaycanlıların mədəni hüquqları, milli fəalların həbsi, Yaşıllar hərəkatında qeyri-fars millətlərin rolundan danışıb.
Sual: İranda yaşayan azərbaycanlılar, xüsusilə xaricə mühacirət etmiş azərbaycanlılar ötən il hansı problemlərlə üzləşib?
Cavab: Ötən il İranda yaşayan çoxsaylı azərbaycanlı siyasi iddialarla həbs edilib, işgəncələrə məruz qalıb. Subsidiyaların ləğv edilməsi yoxsul vəziyyətdə yaşayan insanların durumunu daha da ağırlaşdırıb.
İnsanların kütləvi həbsləri və işgəncələrə məruz qoyulması, bu şəxslərin ana dilini tələb etməsi ilə bağlıdır.
Ötən il beynəlxalq insan haqları təşkilatları, o cümlədən BMT və YUNESKO İranda azərbaycanlıların hüquqları ilə bağlı bizimlə söhbətlər aparıb. Xüsusilə, azərbaycanlı Səkinə Məhəmmədi Aştianinin fars dilini bilməməsindən istifadə edərək daş-qallaq hökmünə imza atdırılması dünyada qəzəbə səbəb olub. Səkinə xanımın fars dilini bilməməsindən daşqalaq hökmünə imza atması dünyada dilin nə qədər vacib olduğunu bir daha gündəmə gətirib. Yəqin ki, azadlıqsevər insanlar, o cümlədən azərbaycanlılar müraciətlər etməsə idi, Səkinə xanım artıq daşqalaq edilmişdi.
Ümumilikdə, ötən il azərbaycanlıların mədəni və milli hüquqları uğrunda mübarizələri güclənib. Çoxsaylı təşkilatlar da azərbaycanlıların hüquqları uğrunda mübarizə aparır. Dünya Azərbaycanlıları Konqresi bu il qurultayını keçirib. BBC teleradiosunun qarşısında İranda yaşayan farslarla azərbaycanlılar arasında ayrı-seçkilik etdiyinə görə etiraz aksiyası keçirdik. BBC-nin direktorluğuna İrandan fars xəbərləri ilə yanaşı, azərbaycan xəbərlərini də efirə verməsinin vacibliyini bildirdik.
Sual: Siz milli ayrı-seçkilikdən danışdınız. Bir çox ekspertlər iddia edir ki, Yaşıllar hərəkatının qalib gəlməməsinin əsas səbəblərindən biri də qeyri-fars millətlərə üstünlük verməməsi olub. Bu hərəkatda qeyri-fars millətlərin rolu olubmu?
Cavab: Bu doğrudur. Azərbaycanlılara əvvəllər məzəmmət edirdilər ki, Yaşıllar hərəkatına niyə qarışmadılar? Azərbaycanlılar çox düzgün və ağıllı hərəkət etdilər.
Bir qayda olaraq İranın siyasi böhranlarında azərbaycanlılar qurban verilib. İraq-İran müharibəsində yüzdən çox azərbaycanlı pilot, o cümlədən minlərlə azərbaycanlı Səddamın sədlərinin sındırılmasında şəhid oldu. Sonra bütün bunlar yaddan çıxdı. Azərbaycanlılar dilini istəyəndə yüzlərlə insanı zindanlara saldılar, görünməmiş işgəncələr verdilər. İndiki halda da Yaşıllar bizim dilimizi istəmədi, milliyətimizi tanımadı. Mir Hüseyn Musəvi Təbrizdə camaatın səsini almaq üçün bir neçə kəlmə azərbaycanca danışdı, amma Azərbaycan dilini tanıyacağını rəsmi seçki proqramına salmadı.
İranda hər hansı siyasi hərəkat etnik azlıqları, xüsusən azərbaycanlıları nəzərə almadan qalib gələ bilməz. Bunu tarix dəfələrlə sübut edib. Mən bu millətlərin içərisində azərbaycanlıları, ərəbləri, kürdləri, bəlucları, hətta farsların özünü də görürəm.
Biz Azərbaycan dilini heç bir dildən üstün bilmirik. Fəqət istəyirik ki, Azərbaycan dilini də başqa dillərdən əskik saymasınlar.
Azərbaycanlılar bir qayda olaraq İran dövlətini, onun milli sərhədlərini qoruyub. Bu milləti saymadan hər hansı hərəkat irəli gedə bilməz. İranın xaricdə intellektual mənəviyyatını türklər (azərbaycanlılar) qoruyur. İranın aparıcı ziyalıları, həkimləri, alimləri, ədibləri azərbaycanlılardır.
Yaşıllar hərəkatı da azərbaycanlıların bu intellektual səviyyəsini nəzərə almadı. Azərbaycanlılar isə çox düzgün hərəkət etdilər. Hesab edirəm ki, hansı hərəkat ki, azərbaycanlıların və digər xalqların mədəni hüquqlarını nəzərə alaraq indiki faşist rejiminə qarşı mübarizə aparacaq, ona da dəstək veriləcək.
Sual: Xaricdə yaşayan azərbaycanlılar, o cümlədən digər qeyri-fars millətlər Yaşıllar hərəkatı ilə birləşə bilərmi?
Cavab: Xaricdə yaşayan qeyri-fars millətlərin Yaşıllar hərəkatına qoşulacağını güman etmirəm. Çünki Yaşıllar qeyri-fars millətlərin maraqlarını müdafiə etmədi. İndi artıq Yaşılları fars şovinizmi tərəfdarları, şahçılar müdafiə edir. Bu hərəkatın təmsilçiləri, qeyri-fars millətlərin milli hərəkatlarına müxalifətdə durur. Yaşıllar hətta Azərbaycan Milli Hərəkatına qarşı indiki islam rejimi ilə də birləşə bilər. Amma İranda birdəfəlik dərk edilməlidir ki, Azərbaycan dili və milli hərəkatı tanınmasa, heç bir siyasi hərakat müvəffəqiyyət qazana bilməyəcək.
Azərbaycan hərəkatı artıq İranda aparıcı bir qüvvədir. Milli hərəkat üzvlərinə indiyədək nə qədər işgəncələr verilsə də geri dönən olmayıb. Əksinə, işgəncələr milli mübarizəni bir qədər də gücləndirir. Çünki kamil insanlıq millilikdən irəli gəlir. Millətini, anasını sevmək Allahın yoludur.
Sual: 2011-ci ildə İranda hansı hadisələr baş verə bilər?
Cavab: 2011-ci ildə İran çox problemlərlə üzləşəcək və dəyişikliklər olacaq. İran hökumətinin iqtisadi-sosial səhvləri, dünyadakı nüvə düşmənliyi problemləri bir qədər də çıxılmaz edir. Hazırda dünyada İranın dostu qalmayıb. Əl atır Latın Amerikasına, ondan da bir fayda əldə əldə edə bilmir. Hökumət elə cahil bəyanatlar verir ki, şah belə sözlər deməyə cürət etmədi. İslam hökumətin yadından çıxıb, bunlar keçmişdən danışırlar. Əgər islamın əlifbasını düşünsələr, din sülhə əmin-amanlığa, dostluğa çağırır. İnidiki rejim bunların heç birini nəzərə almır.
Bu mənada, dünya ictimaiyyəti də İranın despotluğunu, zindanlarda insanlara verilən işgəncələri artıq anlayıb. Dünyanın bütün mətbuatı İranın despotluğundan, qeyri-insani davranışından yazır.
Hesab edirəm ki, 2011-ci ildə dünyanın demokratik ictimaiyyəti İranda Azərbaycan milli hərəkatının müdafiəsinə qalxacaq və bu gün də onu müdafiə etməkdədir. Çünki azərbaycanlılara nüvə lazım deyil, bizə çörək və Allahın verdiyi ana dilində danışmaq, asayiş, fikir azadlığı lazımdır. Yüz illərlə İranda sözümüz eşidilməyib, sözümüzə görə zindanlara atılmışıq. Azərbaycanlıların nə topu, nə də tüfəngi yoxdur. Bu millət ana dilində məktəb istəyir. İran islam rejimi deyir ki, azərbaycanlılar öz dilində danışsa, azad olacaq. Azad olmayıb, bəs kim olmalıyıq? Elə isə nə qədər bu rejimin faşizmində yaşamalıyıq?