Qubad İbadoğlu: Beynəlxalq idman xərcləri sosial təminat xərclərindən 11,5, ipotekaya dəstəkdən 8, elm xərclərindən 3 dəfə çoxdur

İqtisad elmləri doktoru Qubad İbadoğlu 2016-cı il dövlət büdcəsinə əlavə dəyişikliklər edildikdən sonra beynəlxalq idman yarışlarına ayrılan vəsaitin sosial müdafiə, elm və ipotekaya dəstək xərclərindən çox olmasından narahatdır. Onun Facebook səhifəsində dərc etdiyi təhlilini diqqətinizə çatdırırıq:

"2016-cı ilin əlavə və dəyişikliklərlə yeniləşdirilmiş dövlət büdcəsində yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə 403,87 milyon manat vəsait ayrılıb. Bu vəsait bu il üçün nəzərdə tutulan səhiyyə büdcəsinin təxminən yarısı qədərdir.

Beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə yönələn vəsait ayrı-ayrılıqda sosial təminat xərclərindən 11,5 dəfə, ipotekaya dəstək xərclərindən 8 dəfə, elm xərclərindən 3 dəfə, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə ayrılan xərcdən 2,5 dəfəyədək çoxdur.

Yeri gəlmişkən onu da qeyd edim ki, 2016-cı ilin büdcəsində beynəlxalq idman tədbirləri üçün təsdiq olunan 403,87 milyon manat vəsaitdən əlavə olaraq 18 milyon manat da beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün də nəzərdə tutulub. Deməli, bu il bütövlükdə beynəlxalq tədbirlərin təşkili üçün büdcədən 422,8 milyon manatdan çox vəsait xərclənəcək.

Göründüyü kimi bu ilin büdcəsindən heç də böhran büdcəsi "iyi" gəlmir. Onun rasionallaşdırılması ilə bağlı deyilənlər isə xüsusilə də yeniləşmiş büdcədə nəzərə alınmayıb."

Rəsmi qurumlar hələ ekspertin şərhinə aydınlıq gətiməyib.