Qubad İbadoğlu: Azərbaycandan ofşor zonalara 48 milyard dollar çıxarılması mümkündür

Qubad İbadoğlu

Azərbaycan vətəndaşlarının ofşor zonalarda 48 mlrd dolları var. İqtisadi Tədqiqatlar Mərkəzi bu vəsaitlərin korrupsiya və gizli iqtisadiyyatdan qaynaqlandığını bildirir.
Bu günlərdə Tax Justice Network (TJN) (“Vergi ədaləti şəbəkəsi”) qeyri-kommersiya müşahidə təşkilatı “Bir daha ofşorun qiyməti haqqında” (“The Price of Offshore Revisited”) adlı hesabat yayıb.
Təşkilatın rəyinə görə, dünyanın ifrat varlıları ofşor zonalara 21 trln-dan 32 trln dollara qədər vəsait çıxarıb.

İfrat varlı vergi ödəməyənlərin iyirmiliyində Qazaxıstan seçilir. Məlumata görə, bu ölkədən olan xüsusi şəxslərin ofşor hesablarında 138 mlrd dollar var. Bu isə respublikanın 2012-ci il büdcəsinin gəlirlərindən 4 dəfə çoxdur. Keçmiş sovet respublikaları arasında həmçinin Rusiya vətəndaşları (798 mlrd dollar); ukraynalılar (167 mlrd dollar) və Azərbaycan vətəndaşları fərqlənir - 48 mlrd dollar.
Sənədin tərtibində iştirak edən aparıcı mütəxəssis Ceyms Henri (James Henry) ofşorlardakı vəsaitləri dövləti bu cür zəruri olan vergi mədaxilindən məhrum edən maliyyə “qara çuxuru” adlandırıb. Məlumatlar onu da göstərir ki, varlılarla kasıblar arasında uçurum ehtimal ediləndən böyükdür. «Bizim ənənəvi qeyri-bərabərlik rəylərimizə korektə etmək üçün bu ofşor sektoru çox böyükdür”, – deyə Ceyms Henri TJN təşkilatının yaydığı bəyanatda bildirir.

“Çünki bu hesaba alınmayan maliyyə sərvətinin böyük hissəsi çox dar elita dairəsinin əllərindədir və bu, çox sarsıdıcı təsir edir. Bir çox ölkələrdə maliyyə qeyri-bərabərliyi təsəvvür etdiyimizdən çox yüksəkdir və çox böyük templə artır”.
Kağız üzərində bu ölkələrin çoxu borcludur, amma onların ofşor hesabları nəzərə alınsa, TJN müəlliflərinin fikrincə, bu ölkələri borclular siyahısından cəsarətlə silmək olar.
Tax Justice Network qeyri-kommersiya təşkilatıdır, 2003-cü ildə Britaniya parlamentinin hamiliyi ilə yaradılıb. 2011-ci ildə onun nüfuzlu sponsorları sırasına Norwegian Aid Agency agentliyi daxil olub.

Your browser doesn’t support HTML5

İqtisadçı Qubad İbadoğlu ilə müsahibə


İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, ofşor zonalarda olan vəsaitlərin korrupsiya və gizli iqtisadiyyatla birbaşa əlaqəsi var. “Son illərdə artan neft gəlirləri korrupsiyanın artmasına da səbəb olub. Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsi ÜDM-də 66 faizədək təşkil edir. ÜDM 2010-cu ildə 50 milyard olubsa, bunun 66 faizi, yəni 1 ildə formalaşmış gizli iqtisadiyyatın səviyyəsi 38 milyard səviyyəsindədir. Bu səbəbdən də 48 milyardın ölkədən çıxarılması mümkündür”.
Ekspert hesab edir ki, ofşor zonalara çıxarılan vəsaitlərin bir hissəsi sonradan investisiya kimi ölkə iqtisadiyyatına yönəldilib. “Bu vəsaitin bir qismi hazırda
Azərbaycan bazarında hansısa şirkətin investisiyası kimi tətbiq olunur”.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycanın neft müqavilələri və gəlirli biznesi ilə bağlı hasilatın pay bölgüsü sazişlərində iştirak edən şirkətlərin bir çoxu ofşor zonalarda qeydiyyatdan keçənlərdir. “Ofşor zonada qeydiyyatdan keçən şirkətlər çox müxtəlif adlarla Azərbaycana daxil olur. Ancaq, bu hesabat da təsdiqləyir ki, həmin şirkətlərin dövriyyəsi Azərbaycandakı gizli iqtisadiyyatdan qaynaqlanır”.
Q.İbadoğlu Azərbaycanın özünün ofşor zonaya çevriləcəyi gümanlarını real saymır. Ekspert hesab edir ki, ofşor zonaya keçmək üçün vergi, gömrük sistemləri, həmçinin şirkətlərin qeydiyyat məsələləri çox sadə və şəffaf olmalıdır.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri son günlər qanunvericiliyə edilən dəyişiklikləri ölkəni ofşor zonaya çevirməyə xidmət etmədiyi fikrindədir. “İnformasiya əldə etmək azadlığı haqqında”, “Kommersiya sirri haqqında” və başaq bir sıra qanunlara məhdudlaşdırıcı dəyişikliklər edilməsi ofşor zonalardakı vəsaitlərin investisiya şəklində ölkəyə gətirilməsinə xidmət edir. Azərbaycanda komprador burjuaziya formalaşıb və bu adamlar ölkənin pulu ilə xaricdə şirkətlər yaradır, sonra həmin şirkətləri ölkəyə gətirir, büdcədən maliyyələşən layihələrin icrasında iştirak edir. Eyni ilə də mədən sənayesində hasilatın pay bölgüsü sazişlərində yer alır”, - deyə o qeyd edib.

Ofşor zonalardakı vəsaitlərin ölkəyə qaytarılması ilə bağlı hüquqi tədbirlərlə bağlı danışarkən ekspert deyib ki, dünyada Maliyyə Cinayətlərinə Qarşı Beynəlxalq Qüvvələr Təşkilatı var. “Təəssüf ki, Azərbaycan bu təşkilatın üzvü deyil. Azərbaycan üzv olarsa hökumət üçün məsələni aydınlaşdırmaq çox asandır”, - Q.İbadoğlu bildirib.