Qubad İbadoğlu: Seçki məntəqəsində qızıma qarşı zorakılıq edənlər cəzalandırılmalıdır

Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisad elmləri doktoru Qubad İbadoğlu fevralın 9-da seçki məntəqəsində qızı Jalə Bayramovaya qarşı hücumun araşdırılmasını və təqsirli olanların cəzalandırılmasını tələb edir.

Jalə Bayramova 76 saylı Lənkəran-Astara Seçki Dairəsinin 15-ci seçki məntəqəsinin seçki komissiyasının məşvərətçi səs hüququ olan üzvüdür.

Ona qarşı fiziki hücumu və məntəqədən qovulmasını seçki komissiyasının katibi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mübariz Əmirov təşkil edib.

"Qızım saxtakarlığa mane olmaq istəyib, buna cavab olaraq ona boğub öldürmək həddinə qədər fiziki təzyiq olunub," yazan Qubadoğlu hadisənin video-görüntülərini əlavə edib.

Video-görüntüdə Jalə Bayramovaya kimin və necə fiziki təzyiq göstərdiyi görünür, amma Qubad İbadoğlunun və zərərçəkmişin özünün hüquq-mühafizə orqanlarına müraciətindən iki gün keçməsinə baxmayaraq, heç kim məsuliyyətə cəlb edilməyib.

Hücum nəticəsində həkimlər Jalə Bayramovanın boğulmadan xəsarət aldığını, başında şişlər əmələ gəldiyini müəyyən edib, ağrıları davam edir.

"Birbaşa prezident İlham Əliyevə müraciət edirəm. Konstitutsiya and içib təhlükəsizliyinə təminat verdiyiniz vətəndaşın həyatına qəsdə görə rəhbərlik etdiyiniz hakimiyyət siyasi, nəzarətində olan daxili işlər nazirliyi hüquqi məsuliyyət daşıyır," Qubad İbadoğlu bildirib.