Qubad İbadoğlu: Hər bir seçici səs verəcəyi namizədin gəlirləri və əmlakı barədə məlumat ala bilməlidir

Your browser doesn’t support HTML5

Azərbaycan Demokratiya və Rifah Hərəkatı Mərkəzi Seçki Komissiyasına aprelin 11-də prezident seçkilərində namizədliyi qeydə alınmış şəxslərin "Seçki Məcəlləsi"nin tələbinə uyğun olaraq gəlirləri barədə sorğu ilə müraciət edib. Hərəkatın sədri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində Mərkəzi Seçki Komissiyasının qurumun müraciətinə cavabı, seçkilərin təşkili üçün maliyyə ilə bağlı araşdırmanın nəticələrindən danışıb.

“Seçki Məcəlləsinin 58.3-ci maddəsində göstərilir ki, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Odur ki, seçicilər üçün maraq kəsb etdiyini nəzərə alaraq Seçki Qanununun şəffaflıq və hesabatlılıqla bağlı tələblərinə əməl edərək Seçki Məcəlləsinin 5 saylı əlavəsində göstərilən torpaq sahəsi, yaşayış sahəsi, mənzillər, bağlar, qaraj və digər bina, tikili, avadanlıqlar, nəqliyyat vasitələri, eləcə də seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr üçün gəlirləriniz və onların mənbələri haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasını təmin edin”, deyə ADR Hərəkatının MSK-ya məktubunda bildirilir.

Qubad İbadoğlunun sözlərinə görə, informasiya sorğusuna hələ cavab alınmayıb.

“Biz müraciət etdik və informasiya sorğusu göndərdik ki, həmin sənədlərdəki təqdim olunmuş məlumatları bizimlə bölüşsünlər. Biz onu ictimailəşdirmək məqsədi daşıyırıq. Biz hesab edirik ki, bu, seçkilər üçün əhəmiyyətli məlumatdır, maraqlı məlumatdır. Hər bir seçici bilməlidir ki, seçkiöncəsi məlumat almalıdır ki, onun səs verəcəyi namizədin əmlakı və gəlirləri barəsində vəziyyət necədir. Təəssüflər olsun ki, hələ də biz informasiya sorğusuna cavab almamışıq. Və bu informasiya sorğusunun Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə Mərkəzi Seçki Komissiyası 7 iş gün ərzində cavablandırmalıdır. Biz Mərkəzi Seçki Komissiyasından yalnız onu cavablandırmağı tələb etmirik, həm də Mərkəzi Seçki Komissiyasına müraciət etmişik ki, bu məlumatları özünün saytında yerləşdirsin. Və indiyə qədər də bu məlumatlar saytda yerləşdirilməyib.”

Qubad İbadoğlu bildirib ki, saytda yalnız namizədlərin maliyyə hesabatları yerləşdirilib. Onun sözlərinə görə, maliyyə hesabatlarında seçki fondu və onun gəlirləri, xərcləri barəsində məlumatlar əks etdirilir.