Media Forumun məlumatına görə, Quba hadisələri ilə bağlı həbs edilən rayon bələdiyyəsinin sədri Elxan Əliyev, şimal bölgəsində yayımlanan “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevin həbs müddəti dekabrın 1-nə qədər uzadılıb. Məlumatı “Media forum” saytına vəkil Elçin Sadıqov verib. Vəkilin sözlərinə görə, sentyabrın 8-də Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında belə qərar çıxarıb.
Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu başçı vəzifəsindən azad edib.
1 mart aksiyasına Rauf Həbibovun 2011-ci il noyabrın 22-də keçirilən müşavirədə səsləndirdiyi bəzi fikirlər rəvac verib. Başçının qubalıları təhqir etdiyi iddia olunub.
Hadisələrdən bir neçə gün öncə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının 1 dəqiqə 18 saniyəlik videosu yayılıb. İstintaq Elxan Əliyev, Vüqar Qonaqov və Zaur Quliyevi video materialı montaj edib yaymaqda günahlandırır.